Məktəblərdə metodiki dəstək təşkil edilir. 2 ildir başlayan prosesin nəticəsi olaraq 2024-cü ilin fevral ayında 45 məktəbdə metodistlər fəaliyyətə başlayıb. Prosesin genişləndirilməsi nəzərdə tutulub.
Bunu ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova ADPU-nun təşkilatçılığı və "Azərbaycan müəllimi" qəzetinin dəstəyi “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
Onun sözlərinə görə, ibtidai təhsil səviyyəsində başlayan bu proses metodist müəllimlər arasında əməkdaşlığın formalaşdırılması, onlara başqa yerə getmədən, məktəb daxilində kömək göstərilməsi məqsədini daşıyır.
“Hazırda məktəblərdə müəllim dərsini deyib çantasını götürüb gedir. Saatına görə pul verildiyini əsas gətirərək məktəbə də saatına uyğun gəlməli olduğunu deyir. Amma bu, düzgün yanaşma deyil”.
Prosesin məktəbin təlim ehtiyacına, inkişafına uyğun qurulduğunu deyən A.Rüstəmova qeyd edib ki, məktəblərdə qiymətləndirmə təlimləri, qiymətləndirmə vasitələrinin hazırlanması kimi məsələlərlə bağlı müxtəlif metodik görüşlər, təlimlər keçirilir:
“Bu, ixtisasartırma təlimi deyil, metodik dəstək çərçivəsində aparılır. Metodik dəstəyin məzmunu dünyada təsdiq edilmiş və bir çox inkişaf etmiş ölkələrin əsaslandığı nəzəriyyələrdir”.