Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 93-cü TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib.

 

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahan Koreyanın  Azərbaycandakı səfirliyi və BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub.

 

İki hissədən ibarət imtahanda 263 nəfəri BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələr olmaqla, ümumilikdə 454 namizəd iştirak edib. İlk mərhələdə namizədlər Koreya dilində olan mətnləri oxuyub müvafiq sualları cavablandırıblar. İkinci mərhələdə isə namizədlərin dinləmə və yazma bacarıqları üzrə səviyyələri müəyyənləşdirilib.

 

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində icra olunan BMU-İNHA İDP-nin əsas şərtlərindən biri də tələbələrin Koreya dilinin mənimsəməsi və TOPİK imtahanından keçməsidir.

 

93-cü TOPİK imtahanının nəticələri Koreyanın Beynəlxalq Təhsil üzrə İnstitutu tərəfindən may ayının sonlarında elan ediləcək.