25 apreldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihənin regionlardakı əməkdaşları üçün onlayn maarifləndirmə təlimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, ümumilikdə 70 nəfərin iştirak etdiyi təlimdə ETX-nin əməkdaşları tərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularına dair təqdimat nümayiş olunub. Təqdimatda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.
 
Maarifləndirmə təliminin keçirilməsində məqsəd “Məktəblinin dostu” layihəsinin əməkdaşlarını kibertəhlükəsizlik sahəsində maarifləndirmək, kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaqla, həmin əməkdaşların bu məlumatları regiondakı məktəblilərə çatdırmasını təmin etməkdir.