Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində “Məktəb jurnalistikası” qrant layihəsi üzrə viktorina keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, viktorinanın keçirilməsində əsas məqsəd layihənin yekununda uşaqların qazandığı bilik və bacarıqların yoxlanılmasıdır.
Məktəb-liseyin direktoru, layihənin rəhbəri Gülşən Orucova viktorinada uşaqlara uğurlar arzulayıb: “Layihəyə məktəb-liseyin 50 şagirdi böyük maraqla qoşulub. Təlimlərdə iştirak edən şagirdlər cəmiyyətin və insanın həyatında konkret yer tutan jurnalistika haqqında təsəvvürlərini genişləndirib, etibarlı məlumatları saxta xəbərlərdən ayırmağı öyrəniblər. Eyni zamanda, şifahi və yazılı nitqi səriştəli və daha səlis idarə etmək vərdişlərini inkişaf etdiriblər”.
Sonra komandalara bölünmüş şagirdlərə suallar verilib, cavablar münsiflər tərəfindən qiymətləndirilib.
Yarışmada iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə və sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Məktəb jurnalistikası” qrant layihəsi çərçivəsində şagirdlər yazı bacarıqları, media mətninin yazılması, natiqlik, fotoşəkillərin çəkilməsi, saytda məzmunun idarəedilməsi kimi təlimlərə cəlb olunublar.