Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 4 rayonda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb.
 
İdarədən "Azərbaycan müəllimi"nə məlumat verilib ki, elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri kömək göstəriləcək.
 
Eyni zamanda, valideynlər Salyan “ASAN xidmət” mərkəzində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
 
Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.