Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev və strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Finlandiyada işgüzar səfərdədirlər. Səfər zamanı Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun dəstəyi ilə Helsinki Universitetində görüşlər keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlərdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə edilib, süni intellekt, proqramlaşdırma, sənaye əlaqələrinin təkmilləşdirilməsi, birgə tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, onlayn təlimlərin keçirilməsi sahəsində ilkin razılıq əldə olunub. Süni intellekt və proqramlaşdırma üzrə əldə edilən razılığa əsasən, bu sahədə IBM təlimlərində iştirak edən komanda üzvlərinin təcrübələrindən proqram mühəndisliyi institutunun qurulmasında istifadə etmək nəzərdə tutulub.
 
Qeyd edək ki, Finlandiyanın ən öndə gedən ali təhsil müəssisəsi olan Helsinki Universiteti 1640-cı ildə yaradılıb. Helsinki Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür. Güclü beynəlxalq əlaqələrə malik Helsinki Universitetinin müxtəlif qitələrdəki ali təhsil müəssisələri ilə 80-ə yaxın əməkdaşlıq müqaviləsi var.
 
Qeyd edək ki, səfər NDU ilə Helsinki Universiteti arasında strateji əməkdaşlığın yaradılması və zəruri olan əməkdaşlıq sahələrinin müəyyən edilməsində xüsusi rol oynayacaq. İki universitet arasında yaradılacaq iş birliyi, bilik və təcrübə mübadiləsi tədqiqat sahəsində inkişafı dəstəkləyəcək, hər iki universitetin təhsil sisteminə yeniliklər gətirəcək.