Noyabrın 2-də təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.