Aprelin əvvəllərindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib.
   
Müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər müsahibə mərhələsində iştirak edirlər. Müsahibə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri və müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə həyata keçirilir. Müsahibə mərhələsinə müvafiq bal toplamış namizədlər buraxılır.
   
Xatırladaq ki, Dövlət Proqramı 2022-2026-cı illərdə hər il 400-ə yaxın şəxs olmaqla ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasını nəzərdə tutur. Bu yerlərdən ən azı 80 faizi isə magistratura səviyyəsini əhatə edəcək.
 
"Azərbaycan müəllimi" namizədlərin müsahibə mərhələsini yaxından izləyib və iştirakçıların proseslə bağlı təəssüratlarını alıb. 
 
“Proses tam şəffaf keçdi”
 
Orxan Hacızadə 2018-2022-ci illərdə Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olub. Hədəfi ABŞ-nin University of Merilend, College Park ali təhsil müəssisəsində MPA (“Dövlət idarəetməsi”) təhsili almaqdır: 
 
- Hərbi xidməti başa çatdırdıqdan sonra qarşıma magistr təhsili almaq məqsədini qoydum. Magistr təhsili almağın karyeram üçün vacib olduğunu düşündüm. Bununla bağlı bir neçə universitetə müraciət etdim və onlardan qəbul aldım. Sonda seçimim yuxarıda adıçəkilən universitet oldu. Bu sahəni seçməyimin səbəbinə gəlincə, hesab edirəm ki, əgər hüquqi bazam varsa, idarəetmə prinsiplərini də öyrənərək bu sahələrdə hüquqi biliklər və idarəetməni birləşdirərək vətəndaşlarımıza hər hansı bir dövlət sektorunda daha yaxşı xidmət göstərə bilərəm.  
 
Proses tam şəffaf keçdi. Müsahibə Dövlət İdarəetmə Qrupunun və sahə qurumlarının nümayəndələrinin iştirakı ilə oldu. Hesab edirəm ki, verilən sualları kifayət qədər aydın şəkildə cavablandıra bildim. Müsahibədə seçdiyim ixtisasla bağlı suallar oldu, məncə, proses yaxşı keçdi. Bu proqram mənim xaricdə təhsil almağıma böyük dəstəkdir və Amerikada ölkəmizi ən yüksək səviyyədə təmsil edərək gələcəkdə ölkəmə töhfə verə bilərəm.  
 
“Hər hansı çətinlik hiss etmədim” 
 
Lalə Abdullayeva ADA Universitetinin dövlət və ictimai əlaqələr fakültəsinin 2023-cü il məzunudur. “2022-2026 Dövlət Proqramı”na ABŞ-nin  Kolumbiya Universitetinin “Dövlət idarəetməsi” ixtisası üzrə magistrartura səviyyəsində təhsil almaq üçün müraciət edib: 
 
- Hər zaman xaricdə təhsil almaq istəmişəm. Dövlət idarəetməsi üzrə bakalavr təhsilimi Azərbaycanda alsam da, xarici universitetlərdə də bu sahədə əlavə təhsil almağı hədəf seçdim. Bu sahənin xaricdə necə təşkil olunmasını öyrənmək istəyirəm. Xaricdə təhsil almaqla şəxsi bacarıqlarımı inkişaf etdirmək, həm də öz imkanlarıma xaricdən baxmaq niyyətindəyəm. 
 
Müsahibəyə gəlincə, mənə görə proses çox yaxşı alındı. Suallar öz sahəmlə bağlı idi, hər hansı çətinlik hiss etmədim. 
 
Qeyd edək ki, martın 1-dən başlayan sənəd qəbulu iyunun 15-dək davam edəcək.
 
Oruc MUSTAFAYEV