“Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda maarifləndirici təlim keçirilib.

 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən növbəti təlimdə Sabunçu və Səbail Rayon İcra hakimiyyətlərinin nümayəndələri, həmin rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvləri, rayon polis idarələrinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, həmçinin uşaq hüquqlarının müdafiəsi üzrə işləyən təhsil, tibb işçiləri və sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslər iştirak ediblər.

 

Təlimdə hüquq düşüncəsinin və mədəniyyətinin cəmiyyətdə inkişaf etdirilməsi məqsədilə maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi nəzərə çatdırılıb. Həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı məruzələr dinlənilib. Məruzələrdə uşaq hüquqlarının müdafiəsinə dair mövcud beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, dövlət qurumlarının və uşaqlarla işləyən şəxslərin üzərinə düşən vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq zəruridir.

 

Sonda uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və onların həlli istiqamətində təklif və tövsiyələr verilib.  Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.