Ali təhsil müəssisəsinin professor-müəllim heyəti bunu fəaliyyətlərinə verilən yüksək qiymət kimi dəyərləndirib


Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən minnətdarlıqla qarşılanıb.

 

Universitetin 80 illik yubileyi ərəfəsində müvafiq Sərəncamlara əsasən 7 nəfərin əməkdar müəllim, 1 nəfərin əməkdar mühəndis fəxri adına layiq görülməsi, 15 nəfərin isə “Tərəqqi” medalı ilə təltif edilməsi ali təhsil müəssisəsinin professor-müəllim heyətinin səmərəli fəaliyyətinə göstərilən yüksək qiymət kimi dəyərləndirilib.

 

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə elm–təhsil sahəsində yürüdülən səmərəli siyasət və dərin islahatlar nəticəsində ölkədə təhsilin bütün pillələrində yüksək inkişafın və əsaslı keyfiyyət göstəricililərinin təmin edildiyini deyən rektor, professor Yusif Yusibov bildirib ki, bu illər ərzində GDU respublikamızın qərb bölgəsində fəaliyyət göstərən və təhsilin bütün sahələri üzrə yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil müəssisəsi kimi görülmüş işlərə öz töhfəsini verib.

 

Hazırda universitetin bakalavr pilləsində 5 min 949 nəfər, magistr pilləsində isə 388 nəfər olmaqla ümumilikdə 6 min 337 nəfər təhsil alır. Təhsil alanlar içərisində Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Pakistan və Gürcüstan vətəndaşları var.

 

Bakalavr və magistr səviyyələrində 100-dən artıq ixtisasın olduğu universitetdə tələbələrin təhsili ilə ümumilikdə 1114 nəfər professor–müəllim və tədris köməkçi heyət məşğul olur.

 

Cəmiyyətin formalaşmasında ali təhsilin rolundan danışan rektor Yusif Yusibov qeyd edib ki, qarşıdakı illərdə respublikamızın hərətəfli inkişafı üçün hazırlanmış İnkişaf Konsepsiyası bütün sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da mühüm strateji vəzifələr müəyyənləşdirib.

 

“Bu gün mütəxəssisləri – ali təhsil proqramlarının rəqabətqabiliyyətliliyi, müasirliyi və aktuallığı, məzunları – təhsilin keyfiyyəti, təhsil aldığı ali məktəbin nüfuzu və gələcək karyeraları, istehlakçıları – məzunların praktik bilik və bacarıqları, dövləti – ölkənin iqtisadi inkişafı və ali təhsilə qoyulan investisiyalar, məktəbliləri və onların valideynlərini isə keyfiyyətli ali təhsil verən universitet seçimi maraqlandırır. Son illərdə Gəncə Dövlət Universitetində keyfiyyətli təhsilin bütün parametrləri üzrə əldə edilmiş nailiyyətlər onu göstərir ki, bu təhsil ocağına yüksək balla daxil olan gənclərin sayı ildən-ilə artır”, – deyə professor Y.Yusibov qeyd edib.

 

Rektor və  professor-müəllimlər onların fəaliyyətinə verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.