Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.
“Azərbaycan müəllimi” universitetə istinadən xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.
23-24 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konfransın əsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi məsələləri daxildir.
Konfransın məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunmasıdır.
Beynəlxalq konfransda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova mövzunun aktuallığına diqqət çəkib.
Əsrimizin informasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu bildirən professor G.Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olduğunu vurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin qazanıldığını nəzərə çatdıran rektor belə bir konfransın keçirilməsini elm aləmi üçün mühüm hadisə adlandırıb.
Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmi bazası olan “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirən rektor digərlərinin isə universitetin vəsaiti hesabına nəşr olunacağını deyib.
Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov edib.
Daha sonra konfransın plenar iclası olub. Plenar iclasda AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-nin Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç, Avstraliyanın Federasiya Universitetinin alimi Adil Bağırovun məruzələri dinlənilib.
Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Məlumat üçün bildirək ki, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistan və s.) nüfuzlu alimlərin qatıldığı konfransa ümumilikdə 150 məqalə təqdim olunub.