Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçirilir.

 

“Azərbaycan müəllimi” BDU-ya istinadən xəbər verir ki, universitetin həyətində keçirilən sərgidə ölkənin 30-dək tanınmış nəşriyyatı və kitab mağazası iştirak edir.

 

Sərginin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, bu il ölkənin ən böyük elm, təhsil, mədəniyyət məbədi olan Bakı Dövlət Universiteti 105 illik yubileyini qeyd edir. Bu münasibətlə qəbul edilən Tədbirlər Planı çərçivəsində il ərzində müxtəlif ictimai, dövlət qurumları ilə birgə layihələr, tədbirlər keçiriləcək. Ə.Ağamirzəyev “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi ilə birgə keçirilən sərginin də bu məqsədə xidmət etdiyini deyib: “Aprelin 23-ü bütün dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Kitab yeganə informasiya daşıyısıdır ki, sistemli, akademik bilik verir. Bu baxımdan sərgi tələbələrin böyük marağına səbəb olacaq”.

 

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq isə kitab sərgilərinin gənclərin oxu mədəniyyətinin və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətini qeyd edib. O bildirib ki, 30-a yaxın nəşriyyatı birləşdirən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” fəaliyyət göstərdiyi 4 il ərzində 20-dək sərgi keçirib. Sərgidə iştirak edən nəşriyyatlar tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutublar. O, sərginin tələbələr tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib.

 

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş Kitab Sərgisi günün sonunadək davam edəcək.