Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.
Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub.
Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, Azərbaycan Turizm ve Menecment Universitetinin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye işbirliyi mərkəzinin direktoru Gülşən Bayramova, Tədris işləri və keyfiyyət təminatı komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Elmi işlər üzrə komitənin sədri Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşmə komitəsinin öncəki sədri Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və yeni komitə sədri Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramov, Tələbə və məzunlarla iş komitəsinin sədri Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov və Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çox maraqlı çıxışlar ediblər.
ECAR-Establishment of Rectors Conference in Azerbaijan məncə Azərbaycanda ali təhsil sahəsində icra olunan ən uğurlu layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri demək olar ki, bütün istiqamətlər üzrə beynəlxalq təcrübə ilə daha geniş tanış olmaq, bir-birləriylə təcrübə mübadiləsi aparmaq, ideyalar ortaya qoymaq imkanı əldə ediblər.