Ölkəmizdə müxtəlif idman sahələri üzrə uğurlar əldə edən şagirdlərimiz kifayət qədərdir. Onlar yerli və beynəlxalq yarışlarda iştirak edir, çoxlu medallar qazanırlar. Bununla da həm öz adlarını cəmiyyətə tanıdır, həm də təhsil aldıqları məktəblərin, məşğul olduqları idman klublarının, məşqçilərinin adlarını ucaldırlar.
 
“Azərbaycan müəllimi”nin oxucularına bu dəfə onlardan ikisini tanıtmaq istərdik. 
 
"Mənim idmana sevgim Rəsul Çunayev, Hacı Əliyev və başqa güləşçilərimizin idmanda əldə etdiyi uğurlardan sonra başladı"
 
Amin Nəsibov 2008-ci ildə Bakı şəhərində idmançı ailəsində doğulub. 4 yaşından idmanla məşğul olur. 2012-ci ildən 1 nömrəli “Təhsil” Respublika İdman Mərkəzi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim Namiq Nəsibovdan idmanın sərbəst güləş növü üzrə dərslər alır və bu idman növünün sirlərini öyrənir: 
 
"Mənim idmana olan sevgim məhz Rəsul Çunayev, Hacı Əliyev və başqa güləşçilərimizin idmanda əldə etdiyi uğurlardan sonra başladı. Atam güləş müəllimi olduğu üçün ara-sıra məni də güləş məşqlərinə aparırdı. Atam deyirdi ki, bu idman növü məndə yaxşı alınır. Bu sözlər əla motivasiya oldu  və 10 yaşımdan sərbəst güləşlə daha ciddi məşğul olmağa başladım. Deyə bilərəm ki, ilk məşqçi müəllimim elə atam olub. Həmin ərəfələrdə bir çox yarışların qalibi və mükafatçısı olmağı bacardım. Bu kiçik uğurlar məni həqiqətən ruhlandırdı. Əsas uğurlarıma 2023-cü ildə imza atdım. Tanınmış güləşçilərdən ilham alaraq daha ciddi hazırlaşıb, Respublika cempionatının qalibi oldum və ardınca iyul ayında sərbəst güləş üzrə Macarıstan Respublikasının Kaposvar şəhərində keçirilən U-15 Avropa birinciliyində 85 kq çəki dərəcəsində II yeri tutaraq gümüş medal əldə etdim". 
 
Hər bir gəncin arzuları olduğu kimi, Aminin də ürəyində çoxlu arzuları var. O, Azərbaycanı mötəbər yarışlarda layiqincə təmsil etmək, olimpiya, dünya və Avropa çempionatlarının qalibi olmaq istəyir. Daha bir arzusu gələcəkdə nüfuzlu və təcrübəli güləşçi kimi adını tarixə yazdırmaqdır. 
  
Amin idmanla yanaşı, dərslərinə də vaxt ayırır: "Çünki arzularımın həyata keçməsinin açarı mənim təhsilimdir. Boş vaxtlarımda kitab oxumaq və klassik musiqiyə qulaq asmağı da sevirəm". 
 
"Qələbə qazananda himnimiz səslənir,  bu, o qədər qürurverici bir hissdir ki, o anları sözlərlə ifadə etmək olmur"
 
İdman uğurları qazanan digər məktəbli idmançımız Mirxaliq İsgəndərov 2007-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakıdakı 148 nömrəli orta məktəbdə təhsil alıb. 2018-ci ildən isə 1 nömrəli idman liseyinə qəbul olub, hal-hazırda həmin liseyin 11-ci sinfində oxuyur. 
 
Mirxaliq 2016-cı ildən “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində idmanın cüdo növü ilə məşğul olmağa başlayıb. 2023-cü ilin iyununda cüdo üzrə Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 55 kq çəki dərəcəsində iştirak edərək yarışın qızıl medalını, həmin ilin avqustunda Xorvatiya Respublikasının Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya  birinciliyində isə III yeri tutaraq bürünc medal qazanıb:
 
"Qələbə qazananda Vətənin bayrağı yüksəklərə qalxır, himnimiz səslənir, bu, o qədər qürurverici bir hissdir ki, o anları sözlərlə ifadə etmək olmur". 
 
Mirxaliq deyir ki, idmana marağı uşaq yaşlarından olub. Həmişə eşidib ki, idman insanı sağlam və formada saxlayır. İdmanla yanaşı, dərslərinə də vaxt ayırıb. Çünki ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almaq istəyir.  
 
Rəşad ZİYADOV