SABAH - savadlı, bacarıqlı, hazırlıqlı. Bu, SABAH abreviaturasının açılışıdır. Elm və Təhsil Nazirliyinin Azərbaycanın ali təhsil sistemində reallaşdırdığı ən uğurlu layihələrdən biri olan SABAH qruplarının fəaliyyətindən artıq 10 il keçir. Ötən müddət ərzində ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən SABAH qrupları ali təhsilimizin keyfiyyət nişanı kimi brendləşib. Bu qruplar məhz yüksək savada, bilik və bacarıqlara malik tələbələrdən formalaşdırılır. SABAH qruplarının yaradılmasının başlıca məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksəkixtisaslı mütəxəssislərin xarici ölkələrin ali təhsil müəssisələri ilə yanaşı, həm də ölkəmizin ali məktəblərində hazırlanmasıdır.
SABAH qrupları fərqli mühit, münasibət və fərqli tədris deməkdir. Bu mühitin içində formalaşan neçə-neçə gəncimiz istər ölkə, istərsə də onun hüdudlarından kənarda uğurlu karyera qurub. Həmin gəncləri vaxtaşırı olaraq oxucularımızla da tanış edirik.
Müsahibimiz UNEC-in SABAH qruplarının məzunu Budapeştdə “CitiBank” şirkətinin risk departamentində baş analitik vəzifəsində çalışan Fərqanə Bayramlıdır.
- Fərqanə, özünüz haqqında məlumat verməyinizi xahiş edirik.
- Bakı şəhərində anadan olmuşam.Texniki- humanitar liseyinin məzunuyam. Məktəb illərim həm təhsil, həm də ictimai fəaliyyət baxımından olduqca maraqlı keçib. Bir çox olimpiada və müsabiqələrdə iştirak etmişəm. Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə çıxmışam. İştirak etdiyim olimpiada və müsabiqələr bilik və bacarığımın üzə çıxarılmasında, tanınmağımda mühüm rol oynayıb.
Orta təhsilimi 2015-ci ildə bitirdikdən sonra, elə həmin ildə 517 balla UNEC-in “Menecment” ixtisasına qəbul olundum.
- Siz SABAH qruplarında təhsil almısınız. Niyə məhz SABAH?
- 2016-cı ildə UNEC-in SABAH qruplarına qəbul üçün müraciət etdim və müsabiqənin 3 mərhələsindən də keçərək "Menecment" ixtisasına qəbul edildim. 2019-cu ildə eyni ixtisas üzrə məzun olmuşam.
Bilirsiniz, SABAH qruplarında təhsil almağa qərar verməyim bir neçə əsas səbəbdən irəli gəldi. Öncə təhsilimi daha da genişləndirmək, təhsil və karyera sahəsində maraqlı insanlarla bir araya gələcəyim mühitdə olmaq arzusundaydım.
İkinci səbəb SABAH qruplarının təhsil strukturunun diqqətimi çəkməsi idi. Öncəki illərin məzunlarının uğurlarını gördüm, araşdırma aparıb bu qruplarda təhsilin müxtəlif aspektlərini öyrənmək, müəyyən sahələrdə təcrübə qazanmaq və yeni bilikləri mənimsəmək şansımın daha çox olacağına əmin oldum. Özümü inkişaf etdirmək və ixtisasım üzrə biliklərimi genişləndirmək üçün bu mühitə daxil olmaq məni gələcək hədəflərə daha tez çatmağa ruhlandırdı.
Digər bir səbəb isə SABAH qruplarında karyera planlaşdırma və iş axtarma prosesində iş elanlarının, müxtəlif karyera məsləhətlərinın olması idi ki, bu da özümü müvəffəqiyyətlə inkişaf etdirmək üçün əla bir imkan sayılırdı. O baxımdan SABAH qruplarında təhsil almağı seçdim və düşünürəm ki, yanılmadım. Burada oxumağım təhsilim, karyera inkişafım üçün dəyərli bir təcrübə və motivasiya oldu.
- Fərqli təhsil mühitində formalaşmaq bir gənc olaraq sizə hansı imkanları yaratdı?
- SABAH qruplarının tələbəsi olmaq, təhsil və karyera üzrə mənə müxtəlif insanlarla bir araya gəlməyə imkan verdi. SABAH qrupları həm təhsil sahəsindəki yenilikləri öyrənmək, həm də bir-birimizlə təcrübə və məlumat paylaşmaq imkanı yaradırdı. SABAH tələbəsi olaraq şəxsi təcrübəmə nəzər salsam, ən önəmli faktorlardan biri burada müəllimlərimizin yalnız bizə nəzəri deyil, həmçinin praktiki iş mühitini əks etdirən biliklər verməsidir. Buna görə də SABAH qruplarında yaradılan mühitin həm təhsil , həm də karyera həyatımda bir təkan nöqtəsi olduğunu mütləq şəkildə bildirmək istəyirəm. Bununla yanaşı, SABAH-da təhsilin ingilis dilində olması da xüsusi bir fərqlilikdir. Çünki məhz bu vasitə ilə nəinki mən, bütün SABAH tələbələri professional şəkildə ingilis dili bacarıqlarımızı inkişaf etdirdik, beynəlxalq məqalələr və digər resurslara keçid əldə etdik və dünya təhsilində baş verən bir çox innovativ yeniliklərlə tanış olduq. Son olaraq qeyd edim ki, SABAH mühiti karyera planlaşdırma, müxtəlif şirkətlərdə təcrübə keçmək və iş axtarmaq prosesində də köməkçimiz olurdu. Karyera məsləhətçiləri ilə görüşlər keçirilir, burada təcrübə proqramları və iş elanları təqdim edilirdi.
- Fəaliyyətinizi xaricdə davam etdirirsiniz. SABAH-dan Macarıstana gedən yolunuzu necə müəyyənləşdirdiniz?
- Xaricdə təhsil almaq insanın həyatında çox böyük bir təcrübədir. Mən də təcrübə və bacarıqlarımı artırmaq və müxtəlif mədəniyyətləri tanımaq məqsədilə xaricdə təhsil almaq üçün bakalavriatura təhsilimi başa vurduqdan sonra Macarıstan Hökumətinin “Stipendium Hungaricum” adlı təqaüd proqramı çərçivəsində Budapeşt Korvinus Universitetində ( Corvinus University of Budapest) “İqtisadi təhlil” ixtisası üzrə magistratura təhsili aldım.Təhsil aldığım ali təhsil müəssisəsi Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir.14 mindən çox tələbəsi olan universitet bir çox sahədə mükəmməl təhsil imkanları təklif edir. Universitetin, eləcə də çoxsaylı tədqiqat layihələri, təcrübə proqramları və müxtəlif mədəniyyətlərin təmsil olunduğu geniş bir tələbə ictimaiyyəti var.
Bu universitetdə təhsil almağım karyera və şəxsi inkişafımda mühüm rol oynadı. Burada təcrübə, eyni zamanda yeni dostlar qazanmaq və beynəlxalq mühitdə öyrənmək şansı əldə etdim. Təhsil aldığım universitetdə mövcud olan fərqli fakültələr və tədqiqat mərkəzləri mənim öz sahəmdə təcrübələrimi artırmağa və daim inkişaf etdirməyə, seçdiyim ixtisasla bağlı müəyyən bilgilərə yiyələnməyimə imkan yaratdı.
Xaricdə magistr təhsilimi davam etdirməklə yanaşı, “Vodafone” telekommunikasiya şirkətində maliyyə departamentində, daha sonra Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində təcrübəçi olaraq çalışmışam.
Hazırda “Citibank” şirkətinin Budapeşt şəhərindəki filialında risk departamentində baş analitik olaraq çalışıram. Bu şirkətdə ilk iş təcrübəm 2021-ci ilin sentyabr ayında başlayıb. O zaman qarşıma bu sahədə yüksəlməyi hədəf qoymuşdum və hazırda baş analitik kimi fəaliyyət göstərirəm.
- Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər həm də aktiv ictimai fəaliyyətlə məşğul olur. Siz nə kimi işlər görürsünüz?
- Bilirsiniz, elə bizim azərbaycanlı gəncləri fərqləndirən əsas müsbət cəhət də daha fəal olmaları, öz ölkəsini bütün dünyada tanıtmaq istəyidir. Mən Macarıstanda fəaliyyət göstərən “Azərbaycan Evi”ndə təşkil olunan dil kurslarında əcnəbilərə “Azərbaycan dili və qrammatikası” üzrə dərslər tədris edirəm. Onu da qeyd edim ki, ana dilimizə əcnəbilərin, xüsusilə macarların marağının olması məni çox sevindirir.
Qeyd etdiyim kimi, Budapeştdə təhsil alarkən Azərbaycanın Macarıstandakı səfirliyində təcrübəçi olaraq çalışmışam. Xaricdə keçirilmiş bir çox tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişəm. Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən, Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə proqramının iştirakçısı olmuşam. Həmçinin, Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyində görüşlərdə iştirak etmişəm. Daha sonra həmin ildə Litvanın Vilnus və Kaunas şəhərlərində "Erasmus+" öyrənmə mobilliyi çərçivəsində olan beynəlxalq layihədə gənc sahibkarlıq və liderlik istiqamətində həyata keçirilən tədbirdə uğurlu iştirakım olub. Misirdə keçirilən Gənclər Forumunda Azərbaycanı təmsil etmişəm.
- Vətəndən kənarda yaşayırsınız, müxtəlif ölkələrin tələbələri ilə ünsiyyətdə olursunuz. Azərbaycan gəncləri hansı spesifik xüsusiyyətlərinə görə başqalarından fərqlənir?
- Düşünürəm ki, ölkəmizin tarixi, mədəniyyəti və inkişaf yolu gənclərimizin fərqlənməsində müstəsna rol oynayır. Belə ki, gənclərimiz bir çox sahələrdə öz nailiyyətləri ilə fərqlənir, oxumağa, öyrənməyə və inkişafa həvəsləri ilə seçilirlər. Son dövrlərdə müxtəlif beynəlxalq olimpiadalarda və bilik yarışlarında bizim yeniyetmə və gənclərimizin əldə etdiyi nəticələr, dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olmaları bunlara bariz nümunədir. Bu gün həmvətənlərimizin müxtəlif ölkələrdən gələn xoş soraqları, sözsüz ki, bir gənc olaraq məni də qürurlandırır. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, gənclərimiz dünyanın harasında olmalarından asılı olmayaraq vətənpərvərdirlər, ölkəmizi, tariximizi və milli-mənəvi dəyərlərimizi həm sevir, həm də növbəti nəsillərə ötürülməsi üçün ona sahib çıxırlar.
- Xaricdə təhsil almaq istəyən gənclərimizə tövsiyəniz?
- Xaricdə təhsil almaq istəyən gənclər, ilk növbədə, hansı ixtisas üzrə təhsil alacaqlarını dəqiqləşdirməli, daha sonra müvafiq ixtisasın seçdikləri universitetlərdə olub-olmamasını araşdırmalıdırlar. Bəzən bütün təhsil ocaqlarında istənilən ixtisaslar mövcud olmur və ya gəncin təhsil almaq istədiyi ölkədə uyğun ixtisas olmadığından doğru seçim etmək vaxt itkisinə səbəb ola bilir. Bu məsələlərin rahat həlli üçün gənclərə mütləq şəkildə ətraflı araşdırma aparmalarını tövsiyə edirəm. Müasir dövrdə internet resurslarında bütün lazımı məlumatları əldə etmək mümkündür. Eyni zamanda, təhsil alacağınız universitetin yerləşdiyi ölkə haqqında da araşdırılma edilməsi mütləqdir. Belə ki, ölkədə təhsil müddətində yaşamalı olacaqsınızsa, oraya adaptasiya olmaqda çətinlik çəkə bilərsiniz. Ölkənin mədəniyyəti, cəmiyyəti, iqlim şəraiti, hətta ehtiyac yaranarsa, gələcək karyera imkanları belə nəzərə alınmalıdır.
Qeyd etdiklərimdən əlavə olaraq, bir məsələni də xüsusi vurğulayım ki, gənclər əgər xaricdə təqaüdlə təhsil almağı hədəfləyirlərsə, onların mütləq şəkildə təhsil müddətində yüksək qiymətlər almaları vacibdir.
Samirə KƏRİMOVA