Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktik konfransın regional bölməsi BSU və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Qazax filialında  keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, plenar iclasda BSU-nun rektoru Anar Nağıyev, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BSU-nun təhsil fakültəsinin dekanı Sevinc Axundova, Yüksək Təhsil Mərkəzinin İnklüziv təhsil layihələri üzrə koordinatoru, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Arzu Məmmədova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev çıxış ediblər.

 

BSU-nun rektoru Anar Nağıyev ölkəmizdə inklüziv təhsilin  inkişafına göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Rektor Prezident İlham Əliyev tərəfindən qəbul edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. A.Nağıyev ali təhsil müəssisələrinin inklüziv təhsil üçün öyrənmə nəticələri əsasında bilik və bacarıqların formalaşmasını təmin etməli olduğunu qeyd edib. O, bu istiqamətdə məzmun və öyrənmənin daha səmərəli təşkili məqsədilə bu tipli konfransların, elmi seminarların mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor BSU-da tədris prosesində inklüziv təhsillə bağlı fəaliyyətlərin davamlı xarakter aldığını deyib. BSU-nun rəhbəri Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu sahəyə olan geniş dəstəyindən söz açıb, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin  yaradıldığını  diqqətə çatdırıb. Mərkəzin fəaliyyətinə toxunan rektor 9 aprel tarixində BSU-nun bir qrup əməkdaşı və tələbələrinin İsmayıllıda yerləşən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi  və DOST Evinə səfər etdiyini xatırladıb. Səfər çərçivəsində mərkəzdə yaradılan şəraitlə tanış olduğunu bildirərək onun fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib.  A. Nağıyev, həmçinin elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə nazirlik tərəfindən ölkədə inklüziv təhsil şəbəkəsinin genişləndirilməsi ilə bağlı mühüm addımlar atıldığını vurğulayıb.

 

Bakı Dövlət Universiteti ilə olan uğurlu qarşılıqlı əməkdaşlıqdan söz açan rektor bu imkanların möhkəmləndirilməsinə verdiyi töhfəyə görə BDU-nun rektoru Elçin Babayev başda olmaqla, universitetin kollektivinə öz təşəkkürünü bildirib.

 

Regional bölmə iclasında ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də konfransın digər iştirakçıları məruzələrlə çıxış ediblər.

 

Konfrans çərçivəsində tədbir iştirakçıları, həmçinin ADA Universitetinin Qazax Mərkəzi ilə tanış olublar.

 

Xatırladaq ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktiki konfrans bu il 16 aprel tarixində Bakı Slavyan Universitetində  keçirilib.