Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində təhsil alan 30-a yaxın şəhid övladının "Ağbulaq İstirahət Mərkəzi"ndə istirahəti təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə şagirdlər mərkəzlə yaxından tanış olublar. Daha sonra onlarla birlikdə səmimi görüş keçirilib. Görüşdə tarixi zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından bəhs edilib.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsinin icraçısı, nazir müavini Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məktəblilərə hədiyyələr təqdim ediblər.
Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar və musiqili konsert proqramları təşkil edilib. Məktəblilər təşkilatçılar ilə birlikdə futbol da oynayıblar.
Şəhid fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Səmimi münasibət, xoş əhvali-ruhiyyə uşaqların böyük sevincinə səbəb olub.
Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımızın azad olunması uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək, Vətənə əmanət olan övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək və onlara xoş və maraqlı bir gün bəxş etməkdən ibarət olub. Onu da qeyd edək ki, şəhid övladları üçün nəzərdə tutulan bu cür tədbirlər məktəblilərin yay tətili dövründə də davam etdiriləcək.