Liderlik üzrə dünyada tanınmış elm xadimi, professor Kristofer Dey: “Uğurlu məktəblər təkcə şagirdlər üçün deyil, eyni zamanda müəllimlər üçün də öyrənmə imkanları yaratmalıdır”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı təhsildə liderlik üzrə dünyada tanınmış elm xadimi, Sidney, Nottinqem və Pekin Normal universitetlərinin professoru Kristofer Dey olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının yayımlanan budəfəki bölümündə dünyaşöhrətli alim ilə məktəb liderliyi barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində canlı yayımlanıb.

 

Uğurlu məktəblər

 

“Yeni çağırışlar” proqramında araşdırmalarının təməlində öyrənmə məsələsinin dayandığını qeyd edən Kristofer Dey bildirib ki, öyrənmə bir element olaraq çoxşaxəlidir və özündə şagird və tələbələrin uğurlu öyrənməsini ehtiva edir. Tək şagirdlərdən deyil, müəllimlərdən də öyrənmə ilə bağlı yüksək gözləntilərdən bəhs edən professor tədris prosesinin təşkili ilə bağlı məsələlərdə, məktəb idarəçiliyində və siyasətlərin qəbul edilməsində, eyni zamanda resurs, şagirdlərin davranışı, şagird və məktəb arasında olan ünsiyyət çatışmazlığı ilə bağlı yaranan çətinliklərə toxunub.

 

Uğurlu məktəb anlayışının arxasında duran məsələnin məhz ahəngdar şəkildə qurulmuş münasibətlər sistemi olduğunu qeyd edən professor sözlərinə əlavə edib: “Bunlar istər məktəblərlə müəllimlər, müəllimlərlə şagirdlər, müəllim və valideyn, bütövlükdə icma ilə bağlı olan sistemlərdir. Bu, yaxşı liderlik məhfumunu açır. Pandemiya dövründə apardığımız araşdırmadan sonra biz bir kitab çap etdik. Kitabda uğurlu məktəb, müəllim modeli ilə bağlı 3 xüsusiyyəti - cəsarəti, qayğını, müqaviməti, yəni dayanıqlılığı qabartmışıq. Qarşılaşdığımız mənzərə ondan ibarədir ki, dünya ölkələrində müəllimlərin xidmətdən öncə və xidmət zamanı təlimlərində bu 3 aspektin heç biri vurğulanmır, heç bir təlimdə müəllimlər üçün istifadə olunmur. Müəllimlər səriştəli, öz fənləri ilə bağlı kifayət qədər biliklərə malik olmalıdırlar. Müəllimin biliklərini doğru şəkildə şagirdlərə ötürməsi və yaxud vacib olan öyrənmə mühitini yarada bilməsi ilə yanaşı, biz burada səriştə, qabiliyyət kimi məqamların şagirdlərdə formalaşdırılması məsələsini də vurğulamalıyıq. Artıq biz elə bir dövrə gəlib çatmışıq ki, vurğunu yaxşı müəllim, yaxşı lider üzərinə etməliyik. Yaxşı müəllim, lider dedikdə nəyi nəzərdə tuturuq? Bu məsələləri araşdırmalı və tərifini verməliyik. Müəllimlər və məktəb liderləri haqqında ümumi araşdırmalarla çox qarşılaşırıq. Yaxşı müəllim, məktəb liderləri ilə bağlı isə məhdud sayda araşdırma mövcuddur”.

 

Uğurlu məktəb direktoru

 

Qonaq bildirib ki, uğurlu məktəblər tədris proqramlarını milli səviyyədə qəbul olunmuş siyasətə uyğunlaşdırmağı bacaran təhsil müəssisələridir, uğurlu məktəb rəhbərləri isə milli səviyyədə qəbul olunmuş təhsil prioritetləri ilə kifayət qədər yaxından tanış olanlardır. K.Dey 4 əsas funksiyanın qabardılmalı olduğunu nəzərə çatdırıb: “1)məktəb hər bir şagirdin fərdi ehtiyaclarını təmin edən bir yerdir; 2)məktəb öz şagirdlərini gələcək həyata, cəmiyyətə hazırlamalıdır; 3)iqtisadi funksiya - məktəb məzunları ictimai fəaliyyətə qoşula və özlərinə uyğun iş tapa bilərlər; 4)yükün azaldılması funksiyası- uğurlu məktəblər valideynlərə uşaqlarının təhsil yükünün qarşılanmasına imkan verməməlidirlər”.

 

Professorun fikrincə, uğurlu məktəb liderləri məktəbdə öyrənmə üçün çox rahat şərait yaradan, şagirdlərin, valideynlərin ehtiyaclarını başa düşən və sosial ədaləti  təmin edən şəxslərdir. Uğurlu məktəb rəhbərləri qəbul olunmuş hədəfləri öz məktəblərində olan təlim prosesinə adaptasiya edə bilirlər və daha geniş məqsədlərə xidmət etmiş olurlar.

 

Kristofer Dey qeyd edib ki, uğurlu məktəb rəhbərləri proses zamanı strukturu dəyişməli, müəllimlərin rollarına yenidən baxmalı, yeni ideyaların yaranmasını təbliğ etməli, vahid bir baxış ortaya qoya, məktəbin gələcəyi ilə bağlı müəyyən istiqamətlər formalaşdıra, sosial kapital yaratmaq öhdəliklərini həyata keçirə, keyfiyyətli təhsil təşkil etmək üzərində fokuslana, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yarada bilməlidirlər.

 

Davamlı öyrənmə

 

Professor Dey vurğulayıb ki, şagirdlərə öyrənməni aşılamaq üçün müəllimin özü davamlı şəkildə öyrənmədə iştirak etməlidir. Uğurlu məktəblər təkcə şagirdlər üçün deyil, eyni zamanda müəllimlər üçün də öyrənmə imkanları yaratmalıdır: “Uğur gediləcək bir yoldur və biz bu səyahətin içindəyik. Əminəm ki, siz də araşdırma etdiyiniz ədəbiyyatlarda peşəkar mühitin təşkil edilməsi ilə bağlı sübutlara dayanan məlumatlar görmüsünüz. Bütün bu nümunələr hamısı ona köklənib ki, öyrənmə prosesi təkcə şagirdlərə yönəlməməli, həmçinin müəllimlərin öyrənməsini nəzərdə tutmalıdır”.

 

Uğurlu məktəbləri xarakterizə edən ən önəmli xüsusiyyətlərdən biri olaraq şagirdlərin həyatında məktəbdənkənar müsbət dəyişikliklər yaratdığını deyən qonaq bunun üçün praktiki tədbirlər həyata keçirməyin vacibliyindən danışıb.

 

Məktəb qurarsa...

 

Məktəb qurmalı olsaydı, ortaq ideyaların, dəyərlərin tətbiqi, sosial ədalətin təmin olunması, müəllimlərin həyat boyunca öyrənmə prosesinə cəlb edilməsi, şagirdlər üçün ən yaxşı öyrənmə mühiti yaradılması kimi məsələlərə diqqət yönəldərdi. Belə məktəblərin dünyanın müxtəlif ölkələrində mövcud olduğunu deyən professor bildirib ki, peşəkar inkişaf, öyrənmə ilə bağlı məsələlərin məktəb həyatının gündəlik bir hissəsinə çevrilməsinə nail olardı: “Eyni zamanda istərdim məktəbimə elə bir uğurlu şəxs rəhbərlik etsin ki, həm icma, həm müəllimlər, şagirdlər tərəfindən qəbul olunsun və kifayət qədər öz işi ilə məşğul olsun. Mən bürokratik işlərlə məşğul olan şəxsin məktəbimə rəhbərlik etməsini istəməzdim”.

 

Şagirdlərin məktəbdə sıxılması, xoşbəxt olmamasının səbəbini professor həmin təhsil müəssisəsinin uğursuzluğu və müəllimlərin rəqəmsal texnologiyalardan istifadə etməməsi ilə əlaqələndirib. Belə olan halda məktəb həyatının şagirdlər üçün maraqlı olmadığını söyləyən qonaq yüksək keyfiyyətli məktəb müəllimləri və rəhbərlərinin yetişdirilməsi, təlimlərə cəlb olunması, onların inkişaf etdirilməsi ilə bağlı proqramların, uğurlu müəllim və məktəb rəhbəri modelinin yaradılmasına ehtiyac duyulduğunu qeyd edib.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?”- sualının cavabında professor K.Dey aşağıdakı çağırışları səsləndirib: “1.Ambisiya. 2.Dəyər yaratmaq. 3.Dəyişiklik yaratmaq. 4.Qayğı. 5.Cəsarət. 6.Risklərə hazır olmaq. 7.Münasibətlərin qurulması. 8.Müdrik mühakimə etmə qabiliyyəti. Eyni zamanda uğurlu məktəblər dəyişikliklərə reaksiya verməli deyil, dəyişikliklərə öncədən hazır olmalıdırlar”.

 

Görüşün sonunda Kristofer Dey təhsil işçilərini mütəmadi olaraq öz üzərlərində işləməyə və məktəblərini uğurlu etməyə çağırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA