Aytəkin Əliyeva: “Yeni ideyalar üzərində işləyirəm"


Aytəkin Əliyeva Bakıda anadan olub. Paytaxtdakı 42 nömrəli tam orta məktəbi bitirib. Sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində davam etdirərək bu ali məktəbin məzunu olub. 2007-ci ildən Göygöl şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir. Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin qalibi olub. Bu gün pedaqoji fəaliyyəti ilə seçilən, şagirdlərinin sevimlisinə çevrilən Aytəkin xanımla görüşdük. Özü haqqında çox danışmağı sevməsə də, onunla söhbətimiz maraqlı alındı.

 

- Aytəkin xanım, bilirik ki, peşənizin vurğunusunuz. Tanınmış müəllim olmaq üçün daimi axtarışdasınız. Bu, doğrudan da belədir?

- Təhsilimizin inkişafı üçün istedadlı, qabiliyyətli, qabaqcıl və peşəkar müəllimlərə hər zaman ehtiyac var. Müəllimlərin özlərini təkmilləşdirməsi isə yalnız şəxsi inkişaf üçün yox, həmçinin şagirdləri, böyük məfhum olaraq cəmiyyəti inkişaf etdirməkdir. Hazırda müxtəlif təlimlərdə,  özünüinkişaf tədbirlərində iştirak edərək, hər zaman şagirdlərim üçün peşəkar müəllim olmağa çalışıram. Onu da deyim ki, Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi” çərçivəsində qalib olan “Bilici anam” layihəsinin rəhbəri olmuşam.

 

-   Hansı təlim və görüşlərdə iştirak edibsiniz? Və iştirak etdiyiniz bu təlim və görüşlərin şagirdlərinizin inkişafına hansı töhfəsi olub?

-  Təhsil Nazirliyi tərəfindən təşkil olunan İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”, “Promethean” interaktiv lövhələrdən istifadə üzrə təlim kurslarında və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsində iştirakçı olmuşam. Öyrəndiklərimi, şübhəsiz ki, şagirdlərimə öyrətmişəm.

 

- Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”nin qalibi olubsunuz? Layihəniz və görülən işlər barədə nə deyə bilərsiniz?

-Artıq Təhsil Nazirliyi tərəfindən hər il elan olunan qrant müsabiqələrində pedaqoji işçilər iştirak edərək öz ideyalarını reallaşdıra bilirlər. Mən də çoxdan etmək istədiyim ideyanı həyata keçirdim. Deyim ki, təhsilin inkişafı şagird-müəllim-valideyn üçlüyündən çox asılıdır. Düzgün qurulmuş valideyn-müəllim əlaqəsi nəticə etibarilə tədrisin keyfiyyətinə də müsbət təsir göstərir. “Bilici anam” adlı layihənin əsas məqsədi məktəb-icma əlaqələrinin düzgün qurulması və inkişaf etdirilməsi, təhsilin inkişafında valideynlərin fəallığını artırmaq və cəmiyyətin maariflənməsində onlardan mənəvi dəstək almaqdan ibarət olmuşdur.

 

Bir də “Bilici anam” layihəsi ilə kifayətlənmək fikrim yoxdur. Yeni ideyalar üzərində işləyirəm.

 

- İndiki şagirdlər müəyyən müddətdən sonra cəmiyyətin əsas aparıcı qüvvəsi olacaq. Bunun üçün şagirdləri necə formalaşdırmaq lazımdır?

- Ümumiyyətlə, müəllim olmaq üçün müəyyən keyfiyyətlər var ki, onlara sahib olmaq lazımdır. Müəllim prinsipli və şüurlu hərəkət etməli, bütün şagirdləri bərabərhüquqlu görməli və onlarla eyni davranmalı, inkişafda olan müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Pedaqoji prosesin iştirakçısı olmaq çox vacib, məsuliyyətli və şərəflidir. Gələcəyimiz olan şagirdlərin milli adət-ənənələrimizə sadiq qalmağı, keçmiş nəsillərdən qalmış miraslarımıza sahib olmağı, torpağımızın, xalqımızın qədim dövrdən indiyənədək davam edən tarixini tam və dəqiq öyrənməkləri çox vacibdir. Ölkəmizin zəngin keçmişi, əsrlərdən bəri gələn tarixi ənənələri var. Əlbəttə ki, şagirdlərimiz bu ənənələrə sadiq qalaraq, tolerant, multikultural və müasir düşüncəli olmalıdırlar. Bu zaman onlar hansı sahəni seçməklərindən asılı olmayaraq əsl vətəndaş kimi formalaşacaqlar.

 

- Peşəkar müəllim ifadəsini işlətdiniz. Bu anlayış sizin üçün necə bir məfhumdur?

- Müəllim cəmiyyətdə öz nüfuzunu qorumalı, dünyanın sürətli inkişaf etdiyi bir dövrdə daim axtarışda olmalı, öz üzərində işləməli və yenilikçi olmalıdır. Dərs dedyi sinifdə bütün şagirdləri ələ almağı bacarmalı və keçilən mövzuları şagirdlərinə dərindən mənimsətməlidir.

 

- Bu gün şagirdlərinizə Azərbaycan tarixini öyrədirsiniz. Sizcə, vətənpərvərlik nədir?

-Xatırladaq ki, vətənpərvərliyin mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də xarakterizə olunur.

 

Müasir dövrdə mənəviyyatımızı qoruyub saxlamaq təhsilverənlərin ən öndə duran vəzifələrindən biri olmalıdır. Ona görə də məktəbimizdə mütəmadi olaraq vətənpərvərlik hisslərini yüksəltmək, milli adət-ənənələrimizin yaşadılması, tarixi şəxsiyyətlərimizin unudulmaması üçün müxtəlif mövzularda maraqlı tədbirlər keçirilir. Belə tədbirlərin təçkilatçılarından da biri mənəm.

 

Raminə MƏMMƏDOVA,

Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi