Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nə MDU-dan bildirilib. 
 
Hibrid formada keçirilən konfransın açılış tədbirinə Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tədqiqatçılar qatılıb.
 
Konfransın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov, İKSAD-ın direktoru Dr. Mustafa Latif Emek, Türkiyənin Qazi Universitetinin texnoloji fakültəsinin dekanı professor Musa Atar, MDU-nun qonaq professoru Cemal Yılmaz, İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov, MDU alimlərindən Sahib Mustafayev və Almaz Əliyeva çıxış ediblər. Çıxışlarda iki ölkə arasında qurulan mövcud əlaqələrin elm və təhsil sahəsində də uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub və təşkil olunan birgə elmi konfrans bunun bariz nümunələrindən biri kimi dəyərləndirilib. Vurğulanıb ki, qarşılıqlı keçirilən beynəlxalq konfransların ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür.
 
Prof.essor M.L.Emek dünyanın tanınmış elm adamlarını sıralarına daxil edən İKSAD-ın müxtəlif sahələrə aid qlobal və regional tədqiqatlar apardığını qeyd edib və türkdilli dövlətlərin elmi potensialının güclənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, ötən il olduğu kimi, bu ildə İKSAD-ın MDU ilə birgə təşkil etdiyi konfransın uğurlu keçirilməsi üçün əmək sərf edən hər kəsə təşəkkürünü bildirib və bu qəbildən olan tədbirlərin növbəti illərdə də keçirilməsinin daha mükəmməl nəticələr verəcəyinə əminliyini ifadə edib. 
 
Beynəlxalq konfrans aprelin 18-də onlayn formatda davam edəcək.