Vəfa Camalova peşəni seçdi, hədəfi böyüdü


Vəfa Camalova Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Dünyanı, həyatı tanımağa fürsət tapmadan “şəhid”  kəlməsini eşidib. Babası Xanlar Xanlarov əsgər paltarı geyinməsə də, əlinə silah almasa da, şəhid olub, sadəcə erməni silahlı qüvvələrinin hədəfində olan bir kəndin sakini olduğu üçün. Sonra hərbi şəraitdə yaşamağı öyrənib. Gözünün önündə vertolyotlar, ağır texnika, hərbiçilər... Amma o, kitab oxuyub, dəftər açıb, qələm tutub: “Saat 5-6-ya kimi məktəbdə olurduq. Hərbiçilər yaxınlığımızda məşqlər keçirdi, biz də dərs keçirdik”.

 

Bu mühitdə onun arzuları formalaşmağa başlayıb. Özünü hərbiçi geyimində düşünüb o vaxtdan. Sonra ailəsi ilə o kənddən, yurd-yuvasından çıxmaq məcburiyyətində qalıb: “Atamın maşını vardı, dağ yollarını yaxşı tanıyırdı və bu, bizim şansımız oldu”.

 

Elə ona görə də indi Füzulidən sakit danışa bilmir, gözləri dolur, səsi titrəyir.

 

1994-cü ildən Böyük Şor qəsəbəsində məskunlaşan ailə uşaqlarının təhsilini də düşünüb. Onları əvvəlcə Bakı şəhər 37 nömrəli tam orta məktəbə qoyublar. Sonra Nərimanov rayonu 73 nömrəli tam orta məktəbdə təhsil alan Vəfa Camalova o ağır illərə dair xatirələrində qürurlanacağı  məqamları yada salır: “Açılışına Ulu Öndərin özü gəlmişdi, mən də həmin məktəbdə təhsil almağa başladım. Yaxşı oxuyurdum və uğurla məzun oldum”.

 

Necə bərbər oldu?

 

Ürəyində arzuları çox olub. Amma anası onun üçün ən doğru olan qərarı verib. Qızının əlində bir sənəti olsun, özü işləyə, pul qazana bilsin deyə onu qəsəbədə məşhur olan qadın bərbəri Gültəkin ustanın yanına şagird yerləşdirib: “Anam Gültəkin ustayla danışdı ki, 6 ay məni öyrədəcək”.

 

Bərbər olmaq qızının xəyalı deyildi, amma ana onun qabiliyyətini düzgün qiymətləndirmişdi: “Bacılarımın saçını gördüyüm saç formaları ilə yığmağa çalışır, saçlarını darayır, yığır, hörürdüm. Anam da əlimdən gəldiyini görmüşdü. Ona görə belə bir qərar verdi”.

 

Sonra qabiliyyətini Gültəkin usta qiymətləndirib, onu yanında işə götürüb. Ailə qurub, bir müddət ara verib: “Evdə işlədim bir neçə il. Sonra yenidən kurslara gedib bacarığımı yenilədim. Özümü inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etdim. Qadın gözəlliyinə aid bütün istiqamətlər üzrə işləməyə çalışdım. 7 ildir davamlı işləyirəm”.

 

Bərbərlik diplomu lazımdır!

 

Vətən müharibəsindən sonra Füzuliyə qayıtmaq arzusu baş qaldırıb. Böyük Qayıdışa o da qoşulmaq istəyir: “Məndən təhsilimi, rayona qeydiyyatımı, iş yerimi soruşurdular. Nə təhsil sənədim var, nə də rəsmi iş yerim. Rəsmi iş yeri və diplom tələbi bu istiqamətdə məni hərəkətə gətirdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdim. Onlara peşə təhsili müəssisələrində işləmək, gənclərə bərbərliyin sirrini öyrətmək istədiyimi bildirdim. Onlar da təhsil sənədi istədilər. Peşə təhsili almaq üçün qəbul prosesinə qatıldım və 2023-cü ildə 5 nömrəli Bakı Peşə Liseyinə qəbul olundum. Amma həm də işləməliydim və dərs saatları buna mane olurdu”.

 

Hədəfi universitet təhsilidir

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) etdiyi müraciətinə baxılıb və imtahan vaxtı bildirilib: “Bir yazılı imtahan verdim. 10 istiqamət üzrə 100 sualdan ibarət bu imtahanda 87 suala cavab verdim. Ən yüksək göstərici mənimki idi. Sonra praktiki imtahan oldu, mən işlədim, onlar qiymətləndirdi. Bir neçə nöqsanım oldu. Odur ki, kəsildiyim istiqamətlər üzrə də öz üzərimdə işləyib yenidən imtahan verdim. 10 istiqamət üzrə sertifikatlar və bərbərlik üzrə diplom aldım. Mən xəyalən Füzulidə yaratdığım gözəllik mərkəzinin divarına asdığım bu diplomu Füzulidəki evimin divarından qürurla asacağam”.

 

V.Camalova əsas arzularından birinə yaxınlaşıb: “Dövlətimə xidmət etmək, millətimin övladlarına peşə öyrətmək istəyirəm. Peşə Təhsili üzrə Dövlət Agentliyinə yenidən müraciət edib, işləmək istədiyimi bildirəcəyəm. Bəlkə Füzulidən əvvəl Bakıdakı peşə təhsili müəssisələrində bu arzuma çataram”.

 

Daha bir arzusu - universitetə qəbul olunmaq üçün də bir addım atıb: “Oğlu ilə bərabər ali məktəbə qəbul olunacaq valideynlərdən biri də bəlkə, mən olaram!”

 

Vəfa Camalova yaxşı bərbərdir. İndi  inamla, əminliklə Füzuliyə qayıdacağı günü gözləyir. Görünən odur ki, bütün planları da məhz Böyük Qayıdışa hesablanıb: “Hədəfim universitet təhsilidir. Kənd təsərrüfatı ixtisasları üzrə təhsil alıb, Qarabağın müqəddəs torpaqlarının bərəkətini artırmaq istəyirəm. Qarabağda usta-müəllim kimi çalışmaq, qızlara bərbər sənətini öyrətmək niyyətindəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI