Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağının açılışı olub.

 

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış mərasimində universitet rəhbərliyi, Mətbuat Şurası  İdarə Heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən rektor Elçin Babayev jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını bildirib. Qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, praktikadan olan peşəkarların tədris prosesinə cəlbi baxımından Mətbuat Şurasının otağının açılması mühüm əhəmiyyətə malikdir. Bununla tələbə jurnalistlərin peşə vərdişləri daha da artacaq.

 

Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid isə qeyd edib ki, Şura ilə fakültə arasında əməkdaşlıq getdikcə inkişaf edir: "Cəmiyyətin peşəkar jurnalistlərə hər zaman ehtiyacı var. Jurnalistika fakültəsini bitirənlər öz peşəkarlıqları ilə yanaşı, etik məsələlərə daha çox əməl etmələri ilə seçilirlər. Jurnalistika fakültəsində Mətbuat Şurası otağının olması çox yaxşı təşəbbüsdür. Şuranın müxtəlif komissiyalarının iclasları tələbələrimizin iştirakı ilə keçiriləcək. Bu, onların yetişməsində mühüm rol oynayacaq. Burada Mətbuat Şurasının üzvləri, tanınmış jurnalistlərlə tələbələrin müntəzəm görüşləri təşkil olunacaq. Bu, həm də BDU-nun ictimaiyyətə açıq olmasının göstəricisidir".