Aprelin 15-dən Böyük Britaniyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada görüşlərinə başlanıb.
 
ADNSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, ADNSU-nun Elmi işlər üzrə prorektoru Lətafət Qardaşova, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova, ADNSU-Vorvik Universiteti İkili Diplom Proqramının direktoru Rafiq Əliyev və İkili Proqramın məsul əməkdaşı Fərid Kazımovdan ibarət nümayəndə heyəti əvvəlcə Vorvik Universiteti ilə tanış olub. International Manufacturing Center, Energy Innovation Center, National Automotive Innovation Centre, Robototexnika və Avtomatlaşdırma laboratoriyası və Degree Apprenticeship Centre ilə tanışlıqdan sonra Vorvik Universitetinin inzibati heyəti ilə görüş keçirilib. “Warwick Manufacturing Group”-un icraçi direktoru Robin Klark Azərbaycan nümayəndə heyətinə universitet, akademik məsələlər və gələcək təşəbbüslər haqqında məlumat verib.
 
Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitənin (RK) iclası keçirilib. “Warwick Manufacturing Group”-un icraçi direktoru, Robin Klark, Dekan müavini (Bakalavr təhsil pilləsi üzrə) Rob Tornton, Vorvik Universitetinin Proqram direktoru Fil Levis, Vorvik Universitetinin Xüsusi Layihələr üzrə rəhbəri Gareth Robertsin iştirakı ilə baş tutan görüşdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi istiqamətində müzakirələr aparılıb, tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə toxunulub.
 
Rəhbər komitənin toplantısından sonra Azərbaycan nümayəndə heyəti Vorvik Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və Materials Engineering Centre (MEC) ilə tanış olublar. Müxtəlif universitetləri bitirmiş tələbələr arasında ADNSU-nun məzunları da olub. Görüşlər zamanı bərpa olunan enerji sahəsində İkili Diplom Proqramı üzrə təhsil alan tələbələrin cari il iyul ayında ADNSU-da keçiriləcək “Yay məktəbi”nə qatılacağı qeyd olunub.    
 
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin aprelin 17-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri görüşü keçiriləcək.
Azərbaycan nümayəndə heyətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitəsinin toplantısı çərçivəsində görüşlər aprelin 18-dək davam edəcəkdir.