Vazeh Əsgərov: “Məqsəd budur ki, insanlarımız Avropaya getmədən o təhsili öz ölkəsində alsın”

Şarlotta Payen: “Tələbələrin əksəriyyətində çox güclü motivasiya var”


Ali təhsil sistemində yeniliklər elə sür-ətli templə baş verir ki, onları lazımınca qiymətləndirməyə və tətbiqinə nail olana qədər daha qlobal məsələlər ortaya çıxır. Bu o deməkdir ki, qloballaşan dünyanın çağırışları universitetlərdən daha çox çeviklik tələb edir. Fransız - Azərbaycan Universitetinin (UFAZ) auditoriya və laboratoriyalarını gəzdikcə bu ali məktəbin timsalında yeniliklərin tədris mühitində necə əsaslı şəkildə yer almasının şahidi olmamaq mümkün deyil. UFAZ-m icraçı direktoru Vazeh Əsgərovla ali məktəbi gəzdikcə innovativ düşüncənin imkanlarına bir daha şahidlik etdik.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və müştərək universitetin baş katibi xanım Şarlotta Payen ilə söhbətimizə universitetə qəbulun vəziyyəti, perspektiv planlardan başladıq.

 

-  Vazeh müəllim, öncə universitetə qəbulun vəziyyəti, ixtisaslar barədə məlumat verərdiniz.

-  Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə 2016-cı ilin payızında yaradılan UF AZ layihəsi Fransanın nüfuzlu Strasburq Universiteti (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən idarə olunan birgə proqramdır. Bu gün UFAZ-da 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, geofiziki mühəndislik, neft-qaz mühəndisliyi üzrə 412 tələbə təhsil alır. UFAZ öz məzunlarına ADNSU və Strasburq Universitetinin diplomlarını verir. Beləliklə, ölkənin hüdudlarını tərk etmədən tələbələr Fransanın ən qədim və nüfuzlu universitetindən birinin diplomunu da ala bilərlər.

 

Bu il UFAZ-a daxil olmağı arzu edən abituriyentlərin keçid balları çox yüksək - 600 baldan yuxan olub. Əgər 2016-2017-ci tədris ilində UFAZ-a daxil olmağı arzu edənlərin orta keçid balı 585, 2017-2018-ci tədris ilində 590,5 bal idisə, 2018-2019-cu tədris ilində 620,7 bal təşkil edib. Həmçinin bizim universitetimizdə oxumaq istəyənlərin sayı da artıb. Yəni, əgər 2016-2017-ci tədris ilində onlayn qeyd edilmiş və ali məktəbə qəbul imtahanında iştirak etməyi arzu edən abituriyentlərin sayı 310 nəfər təşkil edirdisə, 2017-2018-ci tədris ilində onların sayı 427, 2018-2019-cu tədris ilində 523 nəfər olub.

 

UFAZ-da təhsil 4 il davam edir: 1-ci il - hazırlıq və 3 il bakalavr təhsili təşkil edir. Hazırlıq ilində tələbələr əsasən elmi, texniki fənləri öyrənir, həmçinin ingilis və fransız dillərini intensiv surətdə mənimsəyirlər. Hər il UFAZ-a 160 tələbə qəbul olunur, onlardan 120-si ödənişsiz, 40 -ı isə ödənişli əsasda təhsil alır. Ancaq 3 il ərzində biz 160 yer tam doldura bilməmişik. Bizim universitetimizdə oxumaq çətindir. Biz əsas diqqəti təhsilin keyfiyyətinə yönəldirik.

 

-  Hansı abituriyentlər əsasən UF AZ tələbəsi adını qazanır?

Əsasən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 500 və daha çox bal toplayan abituriyentlər ali məktəbə qəbul olunur. 500-dən artıq bal toplayan abituriyentlər üçün Strasburq Universitetinin təşkil etdiyi imtahanlar həyata keçirilir və bu imtahanlar universitetin münsiflər heyəti tərəfindən təşkil olunur. Biz imtahanların vaxtını elə salırıq ki, tələbə bizə qəbul olunmazsa və ya qəbul olub oxumaq istəməzsə, başqa yerə sənəd verə bilsin.

 

-  İmtahanları kimlər qiymətləndirir?

Qiymətləndirmə ancaq Strasburq Universitetinin müəllimləri tərəfindən aparılır. İmtahanların nəticələrini biz Strasburqa göndəririk. UFAZ-da Strasburq Universitetinin professorları var ki, daim bizimlə birgə işləyirlər. Onlar 5 nəfərdir. Hər ay bura Strasburqdan bir ekspert gəlir.Yerli müəllimlər də imtahan nəticələrini qiymətləndirir, lakin yekun qiymətlər və nəticələr Fransaya göndərilir. Son qiymətləndirmə ballarını artıq Strasburq Universiteti qoyur. İmtahanlar Strasburq Universitetinin müəllimləri tərəfindən təşkil olunur. Yəni, Strasburqun müəllimləri UFAZ-a gəlir və imtahanları qəbul edirlər.

 

-   Təhsildən xaric etdiyiniz tələbəniz olubmu?

-   Hər ilin sonunda ballara baxılır və bizdə artıq məlumat olur ki, nə qədər tələbə imtahanlardan keçə bilməyib. Ötən il onların sayı təxminən 10 faiz olub. İmtahanları verə bilməyənlərin 2 yolu qalır: ya yenidən birinci kursdan tədrisə başlamalı, ödənişli əsasda oxumalıdırlar, ya da ki, onlar ADNSU-da təhsillərini davam etdirmək seçimini edirlər. Dediyim kimi, ötən il ərzində imtahandan keçə bilməyənlər təxminən 10 faiz olub ki, bu, o qədər də böyük rəqəm deyil. Bizim üçün xoş idi ki, tələbələrimizin qiymətləri çox yaxşıdır. Hətta bizim ekspertlər və xaricdən dəvət etdiyimiz professorlar da bunu deyirlər.

 

UFAZ-da və Strasburqda oxuyan tələbələrin sayı eyni deyil. Lakin bizim ikinci mərhələ imtahanları var ki, onlar Strasburqda təşkil olunur. Bu imtahanlar il ərzində hər zaman keçirilir. Bundan əlavə, iki mərhələdə keçən imtahanlar var. Bu imtahanlarda biz UFAZ-da oxuya biləcək ən istedadlı gəncləri seçirik. Bir şeyi də qeyd etmək istəyirəm ki, bizdə qəbul planı üzrə 160 yer tam dolmayıb. Çünki biz bu səviyyəni - 120 yeri saxlayırıq. Və oxumaq istəyən digər tələbələr, demək olmaz ki, onlar yaxşı tələbələr deyil. Sadəcə, onlar Strasburq Universiteti ilə həyata keçirilən layihənin tələblərinə cavab vermir. Onlar üçün çətinliklər yaranır. Buna görə də onlara təhsillərini ADNSU-da davam etdirməyi təklif edirik.

 

- Müəllimləri necə seçirsiniz?

Bizim öz pedaqoqlarımız var. Hardasa 30 nəfər yerli müəllimlərdir, onları bizim ekspertlər, Strasburq Universitetinin professorları özləri seçir. Biz əvvəlcə skayp vasitəsilə müsahibələr təşkil edirik. Əgər bizim ekspert burdadırsa, müsahibəni onlar özləri aparır. Lakin buna qədər Strasburq Universitetinin bizdə işləyən koordinatorları (onlar 5 nəfərdir) da namizədlərlə söhbət aparırlar. Onlar namizədin biliyini ilkin yoxlayır və onlarla müsahibə aparmağı tövsiyə edir. Müsahibədən sonra biz seçilən müəllimi dəvət edir və bir dərs keçməyi təklif edirik. Dərs keçilir və ona hansısa tapşırıq verilir.

 

Namizəd dərs keçdikdən sonra koordinatorlar deyirlər, bu namizəd UFAZ-da işləyə bilər, ya yox.

 

Sonuncu mərhələ rektorla görüşdür. Çünki bu müəllim ADNSU-da işləyəcək. Deməli, namizədin işə qəbul olunması barədə son söz rektora bağlıdır. Prinsip etibarilə rektor da deyir ki, əgər Strasburq namizədi qəbul edirsə, bizə onunla tanış olmaq qalır.

 

Sualınızın başqa bir tərəfi də var. Bizim dəvət olunmuş müəllimlərimiz var. Onlar da professorlardır, təkcə Strasburqdan deyil, həm də müxtəlif universitetləri təmsil edirlər. Bu professorları isə Strasburq Universiteti özü tapır, onları UFAZ-a dəvət edir. Yalnız bu il ərzində biz  Fransanın müxtəlif universitetlərindən UFAZ-a mühazirələr oxumaq üçün 58 professor dəvət etməyi planlaşdırırıq, hazırda onların sayı 29 nəfərdir. Bu praktika bizdə ötən ildən başlayıb. Biz təxminən 25 professor dəvət etmişdik, bu il isə artıq bizdə III kurs olduğundan və daha çox elmlər üzrə tədris aparıldığından dəvət olunmuş professorların sayını da artırmışıq.

 

-   Vazeh müəllim, UFAZ müəllimini fərqləndirən hansı cəhətləri qeyd edə bilərsiniz?

-  Əsas fərqli cəhət tədrisin ingilis dilində olmasıdır. İkincisi, əgər sual universitetdə işləyən azərbaycanlı müəllimlərlə bağlıdırsa, onların hamısının çox yaxşı təcrübəsi var. Xaricdə təhsil alıblar, ya da ki, Azərbaycanda ən yaxşı universiteti bitiriblər. Və ingilis dilində tədris aparmaq təcrübələri var. Söhbət fizika, kimya, kompüter elmlərindən gedir.

 

Söhbətimizə burada UFAZ-ın baş katibi Şarlotta Payen də qoşulur:

-   Biz elə müəllimləri tapmağa çalışırıq ki, ola bilər ki, 10 illik müəllim təcrübələri yoxdur, lakin onlarda daha çox təşəbbüskarlıq, çeviklik var. Fransa universitetlərində müəllimi müəllim edən dərsdir. Biz ondan aktivlik istəyirik. Bizdəki və Fransadakı dərs mühiti, düzdür, bir qədər fərqlənir. Müəllimlərdən istəyimiz budur ki, öz üzərlərində daim işləsinlər, müasir təlim metodları ilə tanış olsunlar, təkmilləşsinlər. Çünki elm özü çox sürətlə inkişaf edir. Ona görə də onlar elm dünyasında baş verənlərdən məlumatlı olmalıdırlar. Laboratoriyalarda tədqiqat mövzuları işləməlidirlər. Ən mühümü budur ki, onlar tələbələrlə dərs prosesində daha çox ünsiyyətdə olsunlar. Biz müşahidə etmişik ki, bu, hər yerdə belədir.

Əgər müəllim tələbə ilə ünsiyyət saxlamırsa, tələbə passivləşir. Biz isə istəyirik ki, müəllim dərs gedişində tələbəyə suallar ünvanlasın, tələbələrlə birlikdə tapşırıqlar yerinə yetirməyə çalışsın, onları maksimum dərəcədə dərsə cəlb etsin. Bu, çox vacibdir.

 

-   UFAZ-ın tədris proqramlarının təşkili barədə nə deyə bilərsiniz?

-  Tədris materiallarına aid olan bütün məsələlərin həlli Strasburq Universitetinə aiddir. Onlar bizim üçün uyğunlaşdırılmış tədris proqramları hzırlayıblar. Hətta Strasburq Universiteti özü üçün Fransada arzuladığı, həyata keçirmək istədiyi ən vacib tədris resurs və materialları həm də UF AZ üçün hazırlayıb. Yəni, UFAZ-da tədrislə bağlı bütün işlər Strasburq Universitetinin kollektivinə məxsusdur. Bizim 3 ekspertimiz var. Onlardan biri Strasburq Universitetinin prorektorudur, digəri onun xarici əlaqələr üzrə köməkçisidir. Onlar ayda bir dəfə Bakıya gəlir və müəllimlərimizlə işləyirlər. Mühüm məqamlardan biri də budur ki, biz ötən ildən universitetdə konfranslar təşkil etməyə başlamışıq. Fransadan gələn pedaqoqlar, professorlara dəvətnamələr göndəririk ki, bizim konfranslarda iştirak etsinlər. Bu barədə biz Təhsil Nazirliyinə də bildirmişik və təklifimiz razılıqla qarşılanıb. Nəinki UF AZ və ADNSU, bütün ali məktəblərimiz və AMEA üçün açıq konfranslar təşkil etmək istərdik.

 

-   2 diplom tələbələr üçün hansı dividendlər qazandırır?

-   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UFAZ-ın fəaliyyətə başlaması münasibətilə imzaladığı sərəncamda da qeyd olunurdu ki, Azərbaycan vətəndaşı xaricə getmədən öz ölkəsində aparıcı xarici dövlətlərin universitetlərində təhsil ala bilməlidir. Məqsəd budur ki, insanlarımız Avropaya getmədən o təhsili öz ölkəsində alsın. Nəzərə alsaq ki, bizim tələbələrin yaşı 16-17-dən başlayır, ona görə də valideynlər də bu nöqteyi-nəzərdən daha rahatdırlar ki, tələbələr bakalavr təhsilini məhz Azərbaycanda alırlar. Digər tərəfdən, hər bir tələbə tədris prosesində istifadə etmək üçün pulsuz olaraq nootbuk alır, bu da onlara tədrisdə kömək edir. Digər mühüm aspekt ali məktəbin müasir maddi-texniki bazasıdır. Məlumdur ki, müasir texniki avadanlıq olmadan keyfiyyətdən danışmaq mümkün deyil. Fizika, kimya kimi elmlərin tədrisini müasir laboratoriyasız təsəvvür etmək çətindir. Yaxın bir neçə həftələr ərzində universitetdə bir neçə yeni laboratoriyanın açılması gözlənilir. Bu məsələ üzərində artq 2 ildir iş gedir. Bu, böyük laboratoriya olacaq və Strasburq Universitetinin tələbinə cavab verir.

 

Şarlotta Payen:

- Strasburq Universiteti üçün çox vacibdir ki, UFAZ-da yaradılan laboratoriyalar ən müasir standartlara, mühəndislik, təhlükəsizlik qaydalarına cabab versin. Çünki burada dünyanın müxtəlif ölkələrindən professorlar, tələbələr işləyəcək. Strasburq Universiteti bu laboratoriyanın dünya standartlarına uyğun olmasını istəyir. Buna görə də Strasburqdan olan mühəndislər azərbaycanlı mütəxəssislərlə birlikdə çalışırlar.

 

Laboratoriyalardan həm Strasburq, həm də ADNSU tələbələri istifadə edəcəklər. Ona görə də çalışırıq ki, laboratoriyaların vəziyyəti ən yüksək səviyyədə olsun.

 

-  Bu sualım Şarlotta xanımadır. Azərbaycanlı tələbələrlə işləmək ürəyinizcədir?

Ş.Payen (gülür):

-  Mənim üçün onlarla işləmək çox xoşdur. Mən çox aktiv gənclik görürəm. Bizim professorlar da deyirlər ki, onların əksəriyyətində çox güclü motivasiya var. Onlar çox sürətlə işləyir, fəallıq göstərirlər. Dərs vaxtı onlar bizim müəllimlərə çoxlu suallar verirlər. Müəllimlərə də çox xoşdur tələbələrin bu fəallığı. Fransada, tələbələrin heç də belə olmadığını deyə bilərəm. Burada isə təşəbbüskarlıq var, bu, spontan olaraq baş verir. Azərbaycanlı tələbələrdə motivasiyanın güclü olduğu hiss olunur. Hiss olunur ki, onlar hədəfə nail olmağa daha çox can atırlar. Bu, çox yaxşı cəhətdir. Bəzən onlara xatırlatmalı oluram ki, fransız təhsil sistemi heç də kifayət qədər azad deyil. Onlara deyirəm ki, siz burada Strasburqun təhsilini alırsınız və qarşınızda uzun yollar açılır. Heç kim düşünməsin ki, UFAZ-a qəbul olduq, hər şey asandır. Onların çoxlarının keçid balları - DİM üzrə çox yüksəkdir, bu il orta bal 620 olub. Onların əksəriyyətinin orta məktəbdə nəticələri çox yaxşı olub. UFAZ-a qəbul olduqdan sonra biz onlara dəstək veririk ki, ali təhsil həyatında da əvvəlki kimi fəal olsunlar. Təkcə tədrisdə deyil, həm də mədəni-kütləvi tədbirlərdə də fəal olsunlar. Bakıya Fransadan qonaqlar gələndə mən onları UFAZ-a dəvət edirəm, biz onlara Fransa mədəniyyətini, dilini də çatdırmağa çalışırıq.

 

Hazırda qəbul 4 ixtisas üzrə aparılır. Onların sayını artırmağı düşünürsünüz?

Şarlotta Payen:

- Bakalavrdan sonra, təbii ki, magistratura gəlir. Daha sonra doktorantura. Əlbəttə ki, belə bir imkan olarsa, istərdik ki, bizdə magistratura səviyyəsi də olsun. Hər şeyə rəğmən Fransada magistratura çox güclü surətdə elmi-tədqiqatlarla bağlıdır. Hazırda UFAZ-da qurduğumuz və istifadəyə veriləcək laboratoriyalar da buna imkan verir. Artıq çox sayda avadanlıqlarımız var, partalar var. Buna görə də biz də çox istərdik ki, Azərbaycan və Fransa arasında birgə elmi- tədqiqatlar aparılsın. Strasburq Universitetinin 4 Nobel mükafatçısı var. Onlar indi də fəal şəkildə işləyirlər. Ola bilsin ki, nə vaxtsa bizim UFAZ tələbələrindən də bu yüksək səviyyəyə çatanlar olacaq. Ona görə də magistratura çox vacibdir. Mən həm də onu əlavə etmək istəyirəm ki, Azərbaycan dövlətinin dəstəyi sayəsində tələbələrimizin 80 faizi təqaüd alır. UFAZ-da çox maraqlı ab-hava yaranıb. Azərbaycan sektorunda, rus sektorunda həm Bakıdan, həm də rayonlardan olan tələbələr təhsil alır. Onlar həm Azərbaycan, həm rus, fransız və ingilis dillərində danışırlar.

 

-   Azərbaycanda bakalaviatura 4 il, Fransada 3 ildir. Təhsil səviyyələrinin uyğunlaşdırılınası necə gedir?

-   Bəli, bizdə hazırlıq mərhələsi var. Bizə qəbul olunanlardan TOEFL kimi dünyada tələb olunan dil biliklərini və digər standartları tələb etmirik. Bilirik ki, heç də hamının belə imkanları yoxdur. Biz onları imtahan etmirik. Əvəzində bizdə birillik intensiv ingilis dili hazırlığı var. Eyni zamanda, hazırlıq həm də elmlər üzrə aparılır. Kimya, riyaziyyat, fizika üzrə xarici dildə biliklər verilir. Çünki Fransada onların həmyaşıdları orta məktəblərdə bir il artıq təhsil alır (12 illik təhsil sistemi-red). Buna görə də bizim məqsədimiz azərbaycanlı tələbələrin səviyyəsini fransalı şagirdlərin səviyyəsinə qaldırmaqdır. Buna görə də birillik hazırlıq, həqiqi mənada, bizim üçün çox vacibdir. Bu, çox intensiv hazırlıq ilidir. Biz onları elə hazırlaşdırmağa çalışırıq ki, Fransadan professorlar gələndə tədris ilinə tam hazır olsunlar.

 

-   Vazeh müəllim, yay məktəbi necə keçdi? Bu barədə məlumat verərdiniz...

-   UFAZ-ın təhsildə uğur qazanmış 40 tələbəsi iyun ayının sonlarından iyulun ortalarına qədər Strasburq Universitetinin təşkil etdiyi iki həftəlik yay məktəbində iştirak edib. Bu, Strasburq Universiteti və ADNSU-nun təşkilatçılığı ilə UFAZ layihəsi üçün nəzərdə tutulmuş bir layihədir. Artıq 2 yay məktəbini təşkil etmişik və onlar çox uğurla həyata keçirilib. Tələbələr orada özlərini nəinki Strasburq Universitetinin hüquqi statuslu tələbəsi kimi hiss edir, eyni zamanda dil, Fransa mədəniyyəti, mətbəxi, eləcə də görməli yerlərlə bağlı proqrama qatılırlar. Demək olar ki, onların boş vaxtları olmur.

Ən çox vurğulamaq istədiyim digər bir məsələ ondan ibarətdir ki, yay məktəbinə Strasburq Universitetinin prezidenti Mişel Deneken çox diqqət ayırır. Heç də təsadüfi deyil ki, o, azərbaycanlı tələbələrlə ən azı 2 dəfə görüşür. Orada da qeyd edir ki, siz Strasburq Universitetinin qanuni tələbəsisiniz. Burada siz özünüzü Strasburqun digər tələbəsindən fərq qoyulmadan hiss edə və bütün imtiyazlardan istifadə edə bilərsiniz.

Qeyd edim ki, bizim tələbələr həm UFAZ, həm də Strasburq Universitetinin tələbə kartlarına malikdirlər. Biz hər il Strasburq Universitetinin tələbə kartlarının təqdimat mərasimini keçiririk. Əsas məqsəd də ondan ibarətdir ki, Bakıda ola-ola tələbələrimiz bu kartdan Strasburqun bütün infrastrukturundan - istər universitetin tələbə kitabxanasından, eləcə də tələbə qeydiyyatından, transkripdən tutmuş bütün məsələləri həyata keçirmək üçün istifadə edirlər. Bunlar onların Strasburq Universitetinin qanuni tələbəsi hüququnu daşımasına və bütün imtiyazlardan istifadə etməsinə dəlalət edir.

 

Oruc MUSTAFAYEV