Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu  (İKSAD) arasında memorandum imzalanıb.

 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, LDU-nun rektoru professor Natiq İbrahimov və İKSAD-ın prezidenti Mustafa Lətif Əmək tərəfindən imzalanan sənəd elm və təhsil, tədqiqat, innovasiyaların inkişafı, birgə tədqiqat layihələri və proqramların hazırlanması sahəsində əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, memorandum informasiya mübadiləsi, beynəlxalq səviyyəli ekspedisiyalar, konfranslar, seminarlar və treninqlərin təşkili kimi qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin qurulmasını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində magistratura, doktorantura, eləcə də ixtisasartırma kursları vasitəsilə elmi-pedaqoji kadr hazırlığı, təhsilin keyfiyyətinin, elmi potensialın yüksəldilməsi kimi mühüm istiqamətlərlə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi də memorandumda nəzərdə tutulur.

 

İmzalanma mərasimindən sonra LDU-nun rektoru N.İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və təhsil imkanları barədə qonağa məlumat verib.

 

Mustafa Lətif Əmək İKSAD-ın elm və təhsillə bağlı əlaqələrin uğurlu inkişafına xidmət etdiyini bildirib, dünyanın 43 ölkəsində fəaliyyət göstərən qurumun tarixindən, həyata keçirdiyi beynəlxalq layihələrdən, əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, LDU ilə əlaqələrin qurulmasından və münasibətlərin yeni mərhələyə qədəm qoymasından məmnunluğunu ifadə edib.

 

Görüşdə tərəflər arasında gələcək fəaliyyət istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.