30-dan çox milli və beynəlxalq müsabiqədə qalib olan 8 yaşlı istedad


Həmsöhbətim Bülbül adına orta ixtisas musiqi məktəbinin 3-cü sinif şagirdi, skripkaçı, beynəlxalq müsabiqələr qalibi Dilşad Fərhadzadədir. O, 2022-ci ildə Budapeştdə keçirilən “VII DANUBIA Talents International Music Competition” müsabiqəsində iştirak edərək Qran-pri qazanıb. 8 yaşlı istedad Dilşad Fərhadzadə 2020-ci ildə Amerikada keçirilən “Florida keys” adlı müsabiqədə I yerin qalibi olub və qaliblərin konsertində iştirak etmək üçün dəvət alıb, amma pandemiya olduğu üçün iştirak edə bilməyib. O, bir-birinin ardınca 30-a yaxın onlayn beynəlxalq müsabiqəyə qatılıb. Hər dəfə öz ecazkar çıxışları ilə münsiflər heyətinin rəğbətini qazanıb. Müxtəlif illərdə Moskvada keçirilən Vladimir Spivakov Fondunun təşkil etdiyi müsaibəqədə, Parisdə “Nouvelles ETOİLES”, Turində “Massimo Marin” və başqa müsabiqələrdə I yer və Qran-pri mükafatına sahib olub. Bütün müsabiqələrə əzmkarlıqla hazırlaşır və boş vaxtlarından səmərəli istifadə etməyi bacarır. Bədii kitablar oxuyur, ifa etdiyi musiqi alətində bacarıqlarını təkmilləşdirir.

 

Lalə Hüseynova: “Dilşad Fərhadzadənin gələcəkdə parlaq musiqiçi olacağına əminəm”.

     

Yeri gəlmişkən qeyd edək ki, Dilşad təhsil aldığı Bülbül adına orta ixtisas musiqi məktəbi müəllimlərinin də sevimlisidir, çünki bütün dərslərini yaxşı oxuyur. Musiqi müəllimi Lalə Hüseynova öz yetirməsi haqqında ürəkdolusu danışır və deyir ki, Dilşad notları hərflərdən daha tez, 4 yaşından öyrənib. “Ötən zaman ərzində o, Azərbaycan, ABŞ, Fransa, Macarıstan, Rusiya, Ukrayna, Avstriya, Yaponiya, İsveç və Sloveniyada 30-a yaxın milli və beynəlxalq müsabiqələrdə çıxış edib. Dilşad bunlardan birincisini hələ 5 yaşında ikən qazanıb. Qeyri-adi istedada malik Dilşad Fərhadzadə müxtəlif ölkələrin klassik orkestrləri ilə çıxış edərək, dünya və Azərbaycan klassiklərinin əsərlərini ifa edib. Eyni zamanda Fransanın “Eglise Saint-Germain-des-Prés” kilsəsində konsert proqramı ilə çıxış edib. O, “Simli və nəfəsli orkestr alətləri” nominasiyası üzrə “Nouvelles Etoiles” mükafatının qalibi olub. Onun gələcəkdə mahir musiqiçi olacağına əminəm. Lalə Hüseynova qeyd etdi ki,  müsabiqə üçün proqram seçimində biz uşaqların imkanlarını nəzərə alırıq ki, onlar proqramın öhdəsindən gələ bilsinlər. Əlbəttə ki, işləmək lazımdır. Müsabiqəyə hazırlıq bütün yay ayları ərzində aparılır”.

 

Musiqini sevən şagirdimiz dərslərini də yaxşı oxuyur

      

2023-cü ilin  aprelində Təhsil İnstitunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində uğurlu nəticə göstərib. İstedadlı skripkaçı Dilşad Fərhadzadə İtaliyanın Pinerolo şəhərində keçirilən “Сoncorso Internazionale di Violino Massimo Marin 2024” beynəlxalq müsabiqəsində Qran-pri qazanıb. 8 yaşlı skripkaçı təkcə müsabiqə proqramında deyil, həm də beynəlxalq müsabiqənin qala gecəsində iştirak edib. Dilşad idmanı da çox sevir. 2024-cü ilin martında o, ingilis dili üzrə “Hi Lunqua” müsabiqəsində qızıl medal qazanıb və iyunda Niderlandda keçiriləcək final mərhələyə dəvət alıb.

 

Göründüyü kimi balaca ifaçımız hələ erkən yaşlarından fitri istadad sahibi olduğunu əzmkarlığı ilə sübut edib. Bütün sahələrdə olduğu kimi musiqi sahəsinin  də öz üzərində davamlı olaraq çalışmağı tələb etdiyini yaxşı dərk edir. Bilir ki,  görkəmli bəstəkarlar F.Şopen, L.V.Bethoven, P.I.Çaykovski və başqa klassiklərimiz də öz ifaçılıq sənətlərini ecazkar ifaları ilə dinləyicilərə sevdirməklə  musiqi tarixinin yaradıcılarına çevriliblər.

  

Kim bilir, bu gün hələ musiqi sənətinin sirlərini öyrənməkdə davam edən Dilşad  Fərhadzadə gələcəkdə daha hansı uğurları ilə musiqisevərləri sevindirəcək. Bunun üçün o, ilk növbədə, ali musiqi təhsili almalı və öz ifaları ilə dinləyici auditoriyasını zaman-zaman böyük konsert salonları ilə əvəz etməlidir.

 

Sifai SƏFƏROVA