Məlum olduğu kimi, Azərbaycan Elm Fondu (AEF) gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2024-cü ildə Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49)) elan edib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az) dərc olunacaq.

 

Müsabiqənin əsas prioritetləri olaraq Gənclər üçün yaşıl təhsil: ekoloji şüurun və həmrəyliyin təşviqi; Gənclər və dairəvi iqtisadiyyat: tullantıların azaldılması və resurs həmrəyliyi üçün strategiyalar; Yaşıl innovasiya mərkəzləri: Ətraf mühit problemləri üçün gənclərin rəhbərlik etdiyi həllərin tərtib edilməsi və s. müəyyən olunub.

 

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar 19 aprel 2024-cü il tarixinə qədər bu qrant üçün müraciət edə bilərlər. Müsabiqənin nəticələrinin 2024-cü ilin sonunda açıqlanması planlaşdırılır.

 

Bundan əlavə, Azərbaycan Elm Fondu 2024-cü ilin Əsas Qrant Müsabiqəsini elan edib. Proqram qabaqcıl texnologiyaların, kəşflərin və perspektivli inkişafların sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlardan tutmuş nümayiş layihələrə və innovasiyalara qədər genişspektrli fəaliyyətləri dəstəkləyir. Müsabiqənin əsas məqsədi müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir. AEF-in qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən tədqiqat layihələrinə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 

Müsabiqənin əsas prioritetləri kimi “Yaşıl” cəmiyyət və dayanıqlı inkişaf naminə müxtəlif təyinatlı intellektual metodların və kibertəhlükəsizlik texnologiyalarının işlənilməsi; Yüksək effektliyə malik funksional materialların yaradılması; “Yaşıl kimya” və “yaşıl energetika” üçün yeni elektrod materialları, unikal xassəli nano-bio-kompozitlər, qazokimya proseslərinin katalizatorları və ekoloji əhəmiyyətli yeni texnologiyalar və s. qeyd olunub. Müsabiqədə iştirak etmək üçün layihələr 26 aprel 2024-cü il tarixinə qədər qəbul olunacaq. Müsabiqənin nəticələrinin açıqlanması 2024-cü ilin sonunda planlaşdırılır. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 

Bildirilib ki, “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e- grant.aef.gov.az/) saytında texniki işlər aparıldığı üçün hər iki müsabiqəya layihələr kağız formatında qəbul edilir.

 

Qeyd edək ki, Azərbaycan Elm Fondunun elan etdiyi 12-ci “Mobillik qrantı” müsabiqəsinə layihə qəbulu isə isə 15 mart – 29 mart 2024-cü il tarixləri arasında aparılıb. Təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilmiş müsabiqənin nəticələrinin cari ilin may-iyun aylarında açıqlanması planlaşdırılır.