Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində rayon məktəblilərinin ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinə hazırladığı işlərə baxış keçirilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin və rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.
Müsabiqədə I-XI sinif şagirdlərinin “rəsm”, “plakat”, “əl işi”, “yanğın və qəza-xilasetmə texnikasının modeli” və “yumşaq oyuncaq” nominasiyaları üzrə əl işləri nümayiş olunub. Müsabiqənin əsasnaməsinin tələblərinə uyğun olaraq hər nominasiya üzrə ən yaxşı işlər seçilərək respublika turuna göndərilib.
Şakir CƏFƏROV