Yeni hesabat şagirdlərin süni intellektlə öyrənməyə başlamaq arzusunu üzə çıxarıb


Təhsil texnologiyaları şirkəti olan “GoStudent”in son hesabatına əsasən, Avropa ölkələri arasında rəqəmsal uçurum genişlənir. Qurum Avropanın 6 ölkəsində - Avstriya, Almaniya, Fransa, İspaniya, İtaliya və Böyük Britaniyada 10-16 yaş arası 5581 uşaq və onların valideynləri, həmçinin 60 müəllim arasında sorğu keçirib.


Şagirdlərin yarısından çoxu (54 faiz) süni intellektlə öyrənməyə başlamaq arzusunu ifadə edib. Sorğuya əsasən, hesabatda ChatGPT kimi süni intellekt alətlərinin ictimaiyyət tərəfindən qəbul edilməsi ilə əlaqələndirilir. “Uşaqlar onları gələcəyə hazırlayan mövzular, o cümlədən süni intellekt və virtual reallıq haqqında öyrənmək istəyirlər və bunun onlar üçün əlçatan olmamasından məyus olduqlarını bildirirlər”, – deyə “GoStudent”in həmtəsisçisi və baş direktoru Feliks Ohsvald açıqlamasında bildirib. Süni intellekt, virtual və əlavə reallıq kimi texnologiyanın inkişafı şagirdlər və valideynlər tərəfindən gələcəkdə ehtiyac duyulacaq ən yaxşı təhsil mövzusu kimi siyahıya alınıb. Hesabatda həmçinin qeyd olunub ki, uşaqların 35 faizi məktəbin “onlara arzu etdikləri işi görmək üçün lazım olan bacarıqları öyrətdiyinə” inanmır.

 

Rəqəmsal boşluğun aradan qaldırılması

 

Hesabat Avropadakı məktəblərdə İT resurslarındakı fərqləri  üzə çıxarıb. Sənəddə qeyd olunur ki, Avstriya və Almaniyadakı məktəblərdə uşaqların 40 faizindən çoxu  planşetdən istifadə etmək imkanına malik olduğu halda, Britaniyada bu rəqəm 38, İspaniyada 35, İtaliyada 25,  Fransada 20 faizdir. 


Eyni tendensiya kompüterlərlə bağlı da müşahidə oluna bilər: Britaniya və İspaniyada hər 10 uşaqdan təxminən 7-si,  İtaliyada 34, Fransada isə 49 faiz məktəbdə kompüterdən istifadə edir. “GoStudent”ə görə, “bu, imkansız uşaqları daha da geridə qoya bilən texnologiya boşluğuna səbəb olur”. Ötən ilin aprelində Avropa Komissiyası rəqəmsal təhsil imkanlarını və rəqəmsal bacarıqların təmin edilməsini geniş şəkildə gücləndirməyə çağırıb. Komissiya Aİ ölkələrini məktəblərdə yüksək keyfiyyətli informatikanı dəstəkləməyə, böyüklər arasında rəqəmsal bacarıqların inkişafını təşviq etməyə və inklüziv strategiyaları qəbul etməklə İT sahəsində çatışmazlıqları həll etməyə çağırıb.  “GoStudent”in hesabatına görə, müsahibədə iştirak edən müəllimlərin yalnız yarısı rəqəmsal proqramlardan müntəzəm istifadə edir, baxmayaraq ki, hər 10 nəfərdən 9-u onların effektivliyini tərifləyir.

 

UNİCEF: “Texnologiya həm imkanlar, həm də problemlər yaradır” 

 

Avropa İttifaqının ötənilki  hesabatına əsasən, texnologiyaya girişdəki bu çətinlik, pandemiya ilə daha da pisləşən və xüsusən də elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində özünü qabarıq şəkildə göstərən müəllim çatışmazlığı ilə sıx bağlıdır. 

 

Londonda keçirilən son Təhsil Texnologiyaları Konfransında bir neçə şirkət uşaqlara texnologiyaları  öyrətməyə yönəlmiş məhsullar təqdim edib. Bəzi şirkətlər uşaqlara süni intellektin öyrədilməsinin vacibliyini bildiriblər.
UNICEF-in “Rəqəmsal təhsil” üzrə hesabatına əsasən, süni intellektin təhsilə təsirinə maraq artsa da, texnologiya həm imkanlar, həm də problemlər yaradır. 
 

UNICEF -in rəsmi nümayəndəsi Frank van Kappel qeyd edir ki, süni intellekt texnologiyalarının fövqəladə hallarda olan uşaqları və rəsmi məktəb sisteminə daxil olmayan uşaqları dəstəkləyə bilməsini təmin etmək əsas prioritetlərdən biridir, onlar müəllimləri əvəz etməməli və hər kəs üçün əlçatan olmalıdır.

 

Oruc Mustafayev