Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı keçirilib.
Universitetdən bildirilib ki, laboratoriyanın böyük elmi işçisi Sevinc Nuriyeva “Hibrid günəş elementləri üçün nanomateriallar” mövzusunda çıxış edib.
Məruzəçi alternativ enerji mənbələrinə, əsasən də günəş elementlərinin istehsal sahəsinə marağın artması və bu sahədə tədqiqatların inkişafından bəhs edib, belə cihazların performansının onların materiallarının xassələrindən asılı olduğunu vurğulayıb. S.Nuriyeva səmərəli və dayanıqlı enerji təchizatı üçün təkmilləşdirilmiş tələblərə cavab verən, yeni xüsusiyyətlərə malik innovativ materialların sintezi və modifikasiyasını, günəş elementlərinın inkişaf xronologiyasını izah edib. Bildirib ki, ən çox tətbiq edilən müxtəlif metal, metal oksid, yarımkeçirici nanoquruluşlar və karbon nanoklasterləri əsasında alınan elektrod materiallarının əhəmiyyəti böyükdür.
Seminarda Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında sintez olunan günəş elementlərinin elektrod materialı üçün həcmli heterokeçid konsepsiyalı Cu/Cu2S NN və karbon nanoboru əsaslı hibrid materialın quruluşu və optik xüsusiyyətləri barədə müzakirə aparılıb. Laboratoriyada karbon nanoboruları və ZnO kvant nöqtələri, həmçinin, CH3NH3Sn(Cl,J) nanoquruluşlu perovskit təbəqələr əsasında çoxkeçidli, tandemli hibrid fotovoltaiklərin yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.