Azərbaycan məktəblilərinin qazandıqları uğurlar ilbəil artmaqdadır. Belə ki, gənclərimizin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olması buna bariz nümunədir. Dünya reytinqində dördlükdə yer alan Harvard Universitetinə “Astrofizika” ixtisası üzrə qəbul olan Qəndab Məmmədovanı, “Kompüter elmləri” ixtisası üzrə Dreksel Universitetində oxuyacaq qardaşı Mehdi Məmmədovu və “Biotibbi mühəndislik” ixtisası üzrə ABŞ-nin Kolumbiya Universitetinin tələbəsi adını qazanan Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadəni daha yaxından tanıyaq.
“Harvard Universitetindən qəbul aldığım xəbər mənim üçün çox gözlənilməz oldu”
Qəndab Məmmədova Şaiq qızı 2005-ci il aprelin 2-də Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakıdakı 279 nömrəli tam orta məktəbin birinci sinfinə gedən Qəndab ibtidai siniflərdən başlayaraq riyaziyyat fənninə, astronomiya və kosmik sahəyə xüsusi maraq göstərib. Uğur qazanmağında oxuduğu təhsil ocağının, xüsusilə məktəbin direktoru və fizika müəllimi Südabə Abdullayevanın böyük əməyinin olduğunu deyir: “Südabə müəllimin dəstəyini, fizika olimpiadasına hazırlaşmağım üçün hərtərəfli şərait yaratmasını, maddi və mənəvi kömək göstərməsini xüsusi vurğulamaq istəyirəm. Müəllimlərim mənə özümü kəşf etməyi, özümə inanmağı, potensialımı tam şəkildə ortaya qoymağı, çox çalışmağı aşıladılar. Akademik Fuad Hacızadənin, Namiq Süleymanovun, Rəşadət Qədiməliyevin, Nadir müəllimin, Aysel müəllimin mənim bugünkü uğurumda əvəzsiz xidmətləri var və mən müəllimlərimin hər birinə dərin minnətdarlığımı bildirirəm”.
Q.Məmmədova ABŞ-nin 14 ali təhsil müəssisəsinə qəbul göndərib. Harvard Universitetindən qəbul aldığını öyrəndiyi an keçirdiyi hissləri belə ifadə edir: “Harvard mənim qəbul aldığım ilk universitet idi. Harvard Universitetindən qəbul aldığım xəbər mənim üçün çox gözlənilməz oldu, indiyədək bu dərəcədə keçirmədiyim sevinc və həyəcan hissini yaşatdı. Bunun üçün mənə özümdən çox inanan valideynlərimə təşəkkür edirəm, çünki dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olmağımın əsas səbəbi onların mənə inamıdır. Harvard Universiteti qəbul etdiyi tələbələrin bütün xərclərini qarşılayır və mənim də bütün xərclərimi öz üzərinə götürüb. Bu da məni ikiqat xoşbəxt edir”.
İngilis dilindən IELTS üzrə 7.5, dinləmə hissəsindən maksimum 9, SAT üzrə isə 1460 bal toplayıb və bu nəticələri universitetə göndərib: “Universitetlərə esselər yazıb göndərmək lazım olan dönəmdə bərk xəstələnmişdim və yazdığım esseləri qənaətbəxş hesab etmirdim.Qəbul prosesində esselər böyük rol oynadığı üçün narahat idim. Lakin esselərim də universitet tərəfindən yaxşı qiymətləndirildi”.
Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinə layihəsi ilə qatılan Qəndab Məmmədova bu barədə də söhbət açır: “Bakı Konqresində qrupumuzda ən gənc üzvlərdən biri idim. Orada iştirak və layihəmizi təqdim etmək üçün müəyyən qədər maddi vəsaitə ehtiyacımız var idi. Bu zaman “Azərkosmos” 20 gənc üçün təqaüd layihəsi elan etdi və o təqaüdü alanlardan biri oldum. Bu səbəbdən də layihəmi təqdim edə bildim. Astronavtika Konqresində müxtəlif astronomlarla, eyni zamanda kosmonavtlarla və digər maraqlı insanlarla tanış oldum. Xüsusən də Türkiyədən olan kosmonavtlarla birlikdə olmaq, onlarla söhbət eləmək məni daha çox ruhlandırdı. Buna görə də universitetlərə astronomiya sahəsi üzrə müraciət etdim. Mənim gələcək üçün tək hədəfim daha çox çalışmaq və öz sahəmdə professional olmaqdır. Düşünürəm ki, öz sahəmdə kamil olsam hər bir uğuru əldə edə bilərəm”.
“Vətənimə ən böyük töhfəmi verə bilərəm”
Mehdi Məmmədov bacısından bir yaş kiçik olsa da, onlar eyni ildə məktəbə gedib və eyni parta arxasında oturublar. ABŞ-nin Pensilvaniya ştatında yerləşən Dreksel (Drexel) Universitetinə “Kompüter elmləri” ixtisası üzrə qəbul olan Mehdi uğurunda müəllimlərinin rolunun əvəzsiz olduğunu vurğulayır: “Müəllimlərim məndə riyaziyyat, informatika, fizika kimi fənlərə böyük məhəbbət və maraq oyadıblar. Eyni zamanda məktəbimizin direktoru Südabə Abdullayevanın Qəndabla mənim bugünkü uğurumuzda əvəzolunmaz xidmətləri var. Mənim uşaqlıqdan kompüterə, müxtəlif texnologiya vasitələrinə xüsusi marağım olub və müəllimlərimin sayəsində bu istiqamətdə biliklərimi genişləndirmişəm. Mən 7-ci sinifdən başlayaraq bir neçə proqramlaşdırma dilləri öyrənməyə və bu sahə üzrə professionallaşmağa can atmışam. Bizim Qəndabla digər uşaqlıq arzularımızdan biri də xarici universitetlərin birində, xüsusilə ABŞ-də təhsil almaq olub. Mən ABŞ-də yerləşən bir neçə universitetə qəbul göndərmişdim və onların arasında Dreksel Universitetindən qəbul aldım. Dreksel Universitetində həyatımın məqsədi hesab etdiyim “Kompüter elmləri” ixtisası üzrə təhsil alacağam. Çox istərdim ki, Dreksel Universitetində əldə etdiyim bilikləri gələcəkdə öz həmyerlilərimlə, Azərbaycan gəncləri ilə paylaşım. Düşünürəm, bununla Vətənimə ən böyük töhfəmi verə bilərəm”.
Proqramlaşdırma sahəsində əldə etdiyim bilikləri digərləri ilə paylaşmaqdan, öyrətməkdən zövq alan M.Məmmədov deyir: “Məndən 4 yaş kiçik qardaşım hazırda 7-ci sinif şagirdi olaraq məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin bürünc medalına layiq görülüb. Çox sevinirəm ki, onun bu uğurunda mənim də payım var”.
“Mən Qəndab və Mehdinin fizika müəllimi olaraq belə uğurlu gənclər yetişdirdiyimiz üçün çox qürurluyam”
Bakıdakı 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva şagirdlərinin uğuruna çox fərəhləndiyini qeyd edir. Qəndaba və Mehdiyə 2019-cu ildə 7-ci sinifdən fizika dərsi deməyə başlayan Südabə müəllim həmin dövrdə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Fərdi kateqoriya”da qalib gəlib və fizika fənni üzrə olimpiada mərkəzi yaradıb. S.Abdullayeva deyir: “Monitorinq keçirərək mən öz məktəbimizdən, eləcə də ətraf məktəblərdən mərkəzə şagirdlər cəlb etdim. Qəndab həmin şagirdlərdən öz qeyri-adi istedadı və çalışqanlığı ilə seçilirdi, astronomiya və fizikanı çox sevirdi, araşdırmalar aparıb mənimlə müzakirə edirdi. Qəndabın atronomiyaya olan böyük həvəsini nəzərə alaraq mən Kosmonavtika İnstitutunun akademiki Fuad Hacızadəyə müraciət etdim və ona astronomiya üzrə xüsusi müəllimlər dərs keçməyə başladılar. Şagirdimiz 2021, 2022 və 2023-cü illərdə Respublika Fənn Olimpiadalarından gümüş medal qazandı. 2022-ci ildə Qəndab Beynəlxalq Fizika Olimpiadasına (IPHO), 2023-cü ildə isə Beynəlxalq Jautikov Olimpiadasına (IZHO) qatılaraq ölkəmizi layiqincə təmsil etdi. Ötən il ABŞ-də Rays (Rice) Universitetində keçirilən fizika və astronomiya üzrə Kopernik Olimpiadasının final mərhələsində ölkəmizi uğurla təmsil etdi, 29 ölkənin iştirakçılarını qabaqlayaraq qızıl medal qazandı. Eyni zamanda 2023-cü il avqustun əvvəlində Polşada keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA) qatılaraq uğurla iştirak etdi”.
Mehdi Məmmədov 2017-ci ildə keçirilən Milli Məntiq Olimpiadasında bürünc, 2022-ci ildə İndoneziyanın Cakarta şəhərində keçirilən Nyuton Fizika Olimpiadasında (NiPOC) qızıl medal qazanıb. Asia Pasifik İnformatika Olimpiadasının (APIO) iştirakçısı, 2022 və 2023-cü illərdə Milli İnformatika Olimpiadasının finalçısı olub, 2023-cü ildə Milli Astronomiya Olimpiadasında gümüş, Sinqapurda keçirilən hesablama təfəkkürü üzrə Dr.CT Beynəlxalq Müsabiqəsində (Doctor CT International Contest on Computational Thinking), Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA) qızıl medal və Azərbaycan üzrə ən yüksək nəticə əldə edib. Bu gün mən Qəndab və Mehdinin fizika müəllimi olaraq belə uğurlu gənclər yetişdirdiyimiz üçün çox qürurluyam”.
Lamiyə ƏLİMƏRDANOVA