"Məktəb Liderliyi Proqramı"nın (MLP) II çağırış üzrə iştirakçıları ilə proqramın yekununa dair görüş təşkil olunub.
Görüşdə layihə rəhbəri Könül Pirverdiyeva “Məktəb Liderliyi Proqramı”nın peşəkar inkişaf, yeni çağırışlara cavab verən məktəb lideri formalaşdırmaq, səmərəli öyrənmə mühiti yaratmaq kimi əsas hədəflərindən bəhs edib. Layihə rəhbəri proqram ərzində “Tədrisin təşkili və idarə edilməsi”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Məktəb heyətinin idarə edilməsi”, “Məktəb sənədləri ilə iş”, “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi” modullarının tədrisinin əhəmiyyətini vurğulayaraq, proses müddətində qazanılan bilik və bacarıqların iştirakçıların gələcək liderlik fəaliyyətlərinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə proqram ərzində tədris olunan modullar üzrə nəzərdə tutulmuş yekun qiymətləndirmələr və təlimlərdə davamiyyət məsələləri barədə iştirakçılara ətraflı məlumat verilərək yaranan suallar cavablandırılıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə həyata keçirilən "Məktəb Liderliyi Proqramı" gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların səriştələrinin artırılmasını hədəfləyən təqaüd proqramıdır. MLP direktor, direktor müavini və müəllimlərin peşəkar inkişafları üçün öyrənmə və inkişaf mühiti yaradaq onların şəbəkələşməsinə, yeni çağırışlara cavab verən məktəb liderləri kimi formalaşmasına dəstək göstərən peşəkar inkişaf proqramıdır.
Məlumat üçün bildirək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edən proqramın I çağırışından 49 nəfər məzun olub. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, digər regionları da əhatə edən MLP-nin II çağırışı üzrə isə hazırda 2 əyani qrupda 53 nəfər, 3 onlayn qrupda 73 nəfər olmaqla, ümumilikdə 126 nəfər proqram iştirakçısıdır. Proqram ərzində modulların tədrisi Bakı, Sumqayıt və Abşerondan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə hibrid formada təşkil olunub.