Lalə Bəylər:“Gələcəkdə əsas məqsədlərimdən biri riyaziyyat professoru olmaqdır”


Cari tədris ilində dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olan gənclərimizin uğur hekayələri hər birimizdə dərin sevinc və qürur hissi yaşatmaqdadır. İstedad və zəhmətin parlaq bəhrəsi olan bu uğur hekayələri gənclərimiz üçün həm də ən yaxşı motivasiya mənbəyidir.

  

Dünyanın nüfuzlu universitetlərindən olan Harvard Universitetinin tələbəsi adını qazanmaq isə ayrı bir üstünlükdür. Bu il dünyanın və ABŞ-nin gənclər üçün ən arzuolunan universitetinə qəbul olan gənclərdən biri də Amerikanın Minnesota ştatında yaşayan Lalə Bəylərdir.
 

Öncə qeyd edək ki, Lalə Bəylər Minnesota Universitetinin professoru Anar Əhmədovun qızıdır. 1996-cı ildən Amerikada yaşayan Anar Əhmədov Kaliforniya Dövlət Universitetini fərqlənmə ilə bitirib. 2001 və 2003-2004-cü illərdə Berkli və Prinston universitetlərində doktorluq təhsili alıb. 2006-2019-cu illərdə ABŞ-nin Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, Harvard Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində dəvətli professor və alim kimi çalışaraq, riyaziyyat elminə bir sıra töhfələr verib. A.Əhmədov ABŞ-nin nüfuzlu "Simons" və "Sloan" fondlarının yüksək elmi mükafatlarına layiq görülüb.
   

 

Lalə Bəylər “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Harvard Universitetinə qəbul alması ilə bağlı sevincini bölüşüb.

 

- Harvard Universitetinə qəbul olunmağım xəbəri mənim üçün gözlənilməz oldu, çünki müsabiqə çox rəqabətlidir. Universitetin qəbul nisbəti çox aşağıdır və mən onların erkən qəbullarına müraciət etməmişdim. Harvard hər il erkən qəbul zamanı tələbələrinin təxminən yarısını qəbul edir. Bu, o deməkdir ki, mənim 40 minə yaxın abituriyent arasında 1-2% şansım var idi. Xəbəri əvvəlcə valideynlərim və dostlarımla paylaşdım. Harvarddan əlavə, mən Yale Universitetindən də qəbul almışam və Yale tərəfindən YES (Yale Engenering and Science Scholar) Scholar seçilmişəm.

 

- Bu uğurunuzda kimlərin dəstəyini qeyd edə bilərsiniz?


- Universitet ərizələrimi dəstəkləyən bir neçə riyaziyyat və kompüter elmləri professorum var idi. Onların arasında Minnesota Universitetinin bir neçə professorunu qeyd etmək istərdim: professorlar Jon Rogness, Andrew Odlyzko, Tian-Jun Li və Anila Yadavali. Bu professorların bəzilərindən tövsiyə məktubları da yazılıb. Ancaq bu uğurda mənə dəstək olan insanlar arasında orta məktəb müəllimlərim  və məktəbimizin direktoru da olub. Təhsilim üçün çox fədakarlıq edən atam Anar Əhmədova və anam Mehriban Əlihüseynovaya da minnətdaram. Mənə inanan rəhmətlik babam Sahib Əhmədovun da təhsil həyatımda xüsusi təsiri olduğunu qeyd etmək istərdim.

 

- Harvarda aparan yolda hansı uğurlarınızı qeyd edə bilərsiniz? Riyaziyyat müsabiqələri və ya olimpiadalarda iştirakınız barədə nə deyə blərsiniz?

- İştirak etdiyim riyaziyyat yarışları arasında bu yaxınlarda keçirilənləri qeyd etmək istərdim: ABŞ-nin bir neçə ştatından bakalavr tələbələri arasında keçirilən ən böyük riyaziyyat yarışlarından biri olan 25-ci Jerry Heuer MAA-NCS Riyaziyyat  Yarışmasında “İkinci mükafat” qazandım (Kanadadan da bəzi ştatlar daxil olmaqla). Bu yarışda 18 müxtəlif universitetdən 51 komanda iştirak etmişdir. 2023-cü il müsabiqəsində orta xal 46 idi və ümumi xallar 97 ilə 10 arasında dəyişdi, komandalar 10 problemi həll etmək üçün birlikdə çalışdılar. Minnesota Universitetini təmsil edən komandamız bu yarışda 92 xal toplayaraq ikinci oldu. Bu, gözəl nailiyyətdir və bu müsabiqədə iştirak etməkdə mənə dəstək olan hər kəsə minnətdaram.

 

- Harvard Universitetində ixtisasınızı müəyyənləşdirmisinizmi?  Elmin,  riyaziyyatın hansı istiqamətləri sizi maraqlandırır?

- Harvarddakı ixtisasım riyaziyyat olacaq, lakin mən həm də kompüter elmləri sahəsində təhsilimi davam etdirəcəm.  Harvard Universitetində dəqiq tədqiqat istiqamətimlə bağlı qərar verməmişəm, lakin mənim əsas maraq sahələrim cəbri ədədlər nəzəriyyəsi, cəbr həndəsəsi, kombinatorika və cəbr topologiyasıdır.

 

-Sizin üçün riyaziyyat nə deməkdir? Riyaziyyatdan başqa daha  hansı elmlərə marağınız var?  

- Mənim üçün riyaziyyat düşünmək və riyazi problemləri həll etməkdir. Bir də ümid edirik ki, bu, real həyat problemlərinə tətbiq olunacaq. Riyaziyyatdan başqa, süni intellektə (artificial intelligence) və maşın öyrənməsinə (machine learning) də marağım var. Bundan əlavə, riyazi modelləşdirmə və proqramlaşdırma, genomika kimi riyaziyyatın praktik tətbiqləri də mənim üçün çox maraqlıdır. Mən Harvard Universitetində bu tədqiqat sahələrini də öyrənməyi planlaşdırıram.

 

- Harvard Universiteti kimi nüfuzlu universitetlərdə oxumağı arzulayan həmyaşıdlarınıza nə demək istərdiniz? 

- Harvard Universiteti kimi prestijli universitetdə təhsil almaq istəyən həmyaşıdlarıma deyərdim ki, öz potensialınıza inanın, çətinliklərə səbirli olun və hər zaman öyrənməyə açıq olun! Həyatınızdakı hər addım hədəflərinizə yaxınlaşmaqdır.

 

- Gələcək hədəfləriniz…

- Gələcəkdə əsas məqsədlərimdən biri riyaziyyat professoru olmaqdır. Harvardda təhsilimdən sonra orada doktoranturaya müraciət etmək istəyirəm. Riyaziyyat üzrə geniş bilik və təcrübə qazanmaq üçün əlavə kurslar keçəcək və tədqiqat imkanları qazanacağam. Digər planım isə informatika sahəsində də bilik və bacarıqlarımı artırmaqdır.

 

Qeyd. Riyaziyyata maraq və istedadı nəzərə alınaraq Laləni 7-ci sinifdə Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat Proqramına (UMTYMP) qəbul ediblər. İstedadlar üçün riyaziyyatın sürətli öyrənilməsini təmin edən bu proqram orta məktəb şagirdlərinə universitet kursları almağa icazə verir və əldə etdiyi kreditlər ali məktəbdə qəbul olunur. Beləliklə, Lalə hələ 2019-2020-ci tədris ilində 13 yaşında Minnesota Universitetində bakalavr kursu üzrə təhsil almağa başlayıb.  Lalə riyaziyyatdan başqa rəsm, musiqi ilə də maraqlanır. Onun rəsm əsərləri Massaçusets ştatının Belmont şəhərindəki incəsənət sərgisində nümayiş etdirilib.

 

Professor Anar Əhmədov özünün sosial şəbəkə səhifəsində Lalənin uğurunu belə paylaşıb:

“Qızım Lalə Bəylərin Harvard Universitetinə, Yale Universitetinə və ABŞ-nin digər yeddi ən nüfuzlu universitetinə tam təqaüdlə qəbul olunduğunu elan etməkdən qürur duyuram! PSEO və UMTYMP proqramları vasitəsilə hələ orta məktəbdə oxuyarkən Minnesota Universitetində bir çox bakalavr və bir neçə magistr səviyyəli riyaziyyat kurslarını bitirməsi öz təhsilinə olan bağlılığını göstərir. Çətin iş həmişə öz bəhrəsini verir və mən onun nailiyyətləri ilə fəxr etməyə bilməzdim!”.

 

Harvard Universitetinin istedadlı tələbəsinə bol uğurlar arzulayırıq!

 

Oruc MUSTAFAYEV