Bakı Slavyan Universitetində (BSU-da) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar" mövzusunda məlumat sessiyası keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BDU-nun fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, eləcə də həmin fakültənin bir neçə müəllimi, ADPU və ADU-nun müəllimləri, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı, BSU Məktəb-Lisey kompleksinin direktoru və şagirdləri, BSU-nun elmi-pedaqoji heyəti iştirak edib.
BSU-nun rektoru Anar Nağıyev bu günün Azərbaycan tarixində xüsusi əhəmiyyətli tarix olduğunu xatırladaraq Aprel döyüşlərinin şanlı zəfərimizin başlanğıcı olduğunu bildirib. Rektor ali təhsil müəssisələrinin Prezident İlham Əliyevin imzaladığı “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələrək fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. BSU-nun bir ali təhsil müəssisəsi kimi autizm və inklüziv təhsilə baxışından söz açan A. Nağıyev universitetdə ənənəvi olaraq Beynəlxalq Autizm Aylığı və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanıldığını vurğulayıb. Rektor tədbirin keçirilməsində məqsədin inklüziv cəmiyyətdə yeni imkanlardan bəhs etmək olduğunu deyib, fərq yaratmağı bacaran istedadlı tələbə və şagirdlərə öz minnətdarlığını bildirib.
BSU-nun filologiya fakültəsinin 2022-ci il məzunu, Xəzər TV-nin suflyor operatoru, fiziki məhdudiyyətli şəxs Kəmalə Babayeva fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası haqqında təqdimatla çıxış edib. "Bakı Slavyan Universitetinə qəbulum mənim uğurlarımın başlanğıcı oldu"- deyə qeyd edən Kəmalə öz şəxsi təcrübələri əsasında inklüziv cəmiyyət ilə bağlı fikirlərini bölüşüb.
Quba şəhəri M.Niftəliyev adına Texniki Təmayüllü Liseyin X sinif şagirdi Zamiq Şükürovun görmə əngəlli insanlar üçün hazırlanmış ixtirasının təqdimatı olub. Məktəbli “The Right Way”adlı ixtirasının hazırlanma mərhələsi, onun iş prinsipi, üstünlükləri barədə danışıb.
Bakı Dövlət Universitetinin II tədris ili tələbələri Aydan Zeynalova və Yaxşıxanım Hüseynova Səxavət Məmmədov adına tam orta məktəbin X sinif şagirdi Hüseyn Hüseynovla birgə fiziki məhdudiyyətli şəxslər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün hazırladıqları "Yardım maşını" layihələrini təqdim edib, tədbir iştirakçılarına layihələri haqqında ətraflı məlumat veriblər.
Sonra BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı mövzu ətrafında çıxışlar ediblər.
Sonda tədbirdə çıxış edən gənclərə Beynəlxalq Autizm Aylığı çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.