Elm və Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib.
 

İclasdan əvvəl nazir universitetin yeni təmir olunmuş 2 nömrəli tədris binası ilə tanış olub. Burada ulu öndər Heydər Əliyevin büstünün və şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib. 

  
Sonra BDU-nun Heydər Əliyev lektoriyasında Elmi Şuranın iclası keçirilib.

 
İclasda nazir Qarabağda qazandığımız böyük zəfərdən sonra ölkəmizin inkişafının yeni mərhələyə keçdiyini, təhsil və elm sahəsi üzrə də yeni çağırışların olduğunu diqqətə çatdırıb. 

 

Emin Əmrullayev ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi kimi BDU-nun qarşısında dayanan yeni hədəflərin 3 əsas istiqaməti əhatə etməli olduğunu bildirib: "Bunlardan birincisi peşəkar kadr hazırlığıdır. BDU-nun tədqiqat potensialının daha da artırılmasını ikinci hədəf kimi götürmək olar. Milli ideoloji dəyərlərin inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır. Bu üç istiqamət arasında balans yaratmaq və hər birini inkişaf etdirmək çox vacibdir".
 

Sonra nazir BDU-nun dünya reytinqlərində mövqeyinin daha da yaxşılaşdırılması, beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı tövsiyələrini verib və universitet kollektivinə uğurlar arzulayıb.

 

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, nazirin çıxışı BDU-nun inkişafının strateji istiqamətlərini müəyyənləşdirməyə kömək edəcək. Eyni zamanda universitetin elmi və tədris potensialı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.