Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilmiş beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət  göstərən “AzInTelecom” MMC-nin  təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.

 

Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 

 

Nazirlikdən verilən məlumata görə, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan müsabiqənin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib. İkinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib.  Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.