Aprel döyüşlərinin iştirakçısı olan müəllim Ülvi Qurbanov: “Aprel döyüşlərində fəal iştirakıma görə təşəkkürnamə və xüsusi xasiyyətnamə aldım”


Maşın sürətlə irəliləyir. Düşmənin ağır artilleriyasından açılan atəş torpaq yolda sürətlə hərəkət edən hərbi maşının ətrafında partlayır. Hər partlayış ölümün bir cəhdidir. O partlayışı gördün, eşitdin, hiss etdin, amma hələ sağsansa, deməli, bu dəfə ölümün astanasından dönmüsən.

 

Bu, filmdən bir epizod deyil, yaşanılandır. Ülvi müəllim də 2016-cı il aprelin 2-də bu anı yaşayanlardan biri. O, həmin vaxt Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrini Ermənistan silahlı qüvvələri  intensiv artilleriya atəşinə tutanda ordumuzun bölmələrindən birində hərbi xidmət keçirdi. “Aprel döyüşləri” kimi tarixləşən o günlərin müəllimlər arasındakı şahidlərindən biri olan Ülvi Qurbanov 2020-ci ildən bəri Bakı şəhəri 166 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimidir.

 

Həm də Vətən Müharibəsi iştirakçısı olan Ülvi müəllim öz xatirələrini “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüb.

 

İdmanda yetişdi

 

Məlumat üçün qeyd edək ki, 1993-cü ildə Masallıda doğulan Ülvi Qurbanov Qaradağ rayon 288 nömrəli tam orta məktəbində təhsil alıb. O, həm də idmançıdır. Bədən tərbiyəsi və İdman Akademiyasının “Sərbəst güləş” ixtisası üzrə məzunudur. Ülvi müəllim orta məktəb illərində karate üzrə dünya çempionatlarında  III və II yerlərə çıxıb; tələbəykən güləş üzrə Avropa çempionu olub.

 

2019-cu ildə ilk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb. Bir il müvəqqəti müqavilə ilə işlədikdən sonra yenidən imtahan verib və bu dəfə hazırda müəllimlik etdiyi Bakı şəhəri 166 nömrəli məktəbin müəllimi olub.

 

Özünü hərbi xidmətdə inkişaf etdirdi

 

O, Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub həqiqi hərbi xidmətə yollanıb: “Hərbi xidmətə başladığım 2015-ci ilin mayında da atışmalar getdi. Mən təzə əsgər idim. Bizi böldülər ki, döyüş bölgəsinə aparsınlar, amma atəşkəs bərpa edildi”. Hərbi xidmətdə də idmanla məşğul olan Ülvi Qurbanov Aprel döyüşlərinin başladığı günü belə xatırlayır: “Orduda korpus və ordu çempionatları keçirilir, qalib olanlar beynəlxalq, yəni dünya orduları arasında keçirilən yarışlara qatılırlar. 2016-cı ilin aprelində korpus çempionatına hazırlaşırdım. Yevlaxda Olimpiya kompleksində məşqdəydik. Hərbi hissəyə qayıdanda gördüm, lələ köçüb yurdu qalıb, heç kim yoxdur. Gözlərimə inanmadım ki, necə ola bilər, hərbi hissədə kimsə olmasın. Öyrəndim ki, hamı döyüşə yollanıb. Həmin vaxt orda olmamağımı özümə bağışlaya bilməzdim. Odur ki, əl-ayağa düşdüm, əsgər dostlarıma yetişməyin yollarını axtardım. Bizim tabordan olan,  “Minbat” adlandırdığımız minaatan batareyanın “Kamaz”ını gördüm. Hərbi hissədə yanacaq doldururdular. İdmançı olduğum üçün hamı tanıyırdı məni. Onların komandirindən məlumat aldım ki, hər kəs Naftalandadır. “Kamaz”a minib məni əsgər yoldaşlarıma çatdırmalarını xahiş etdim. Amma biz bir az fərqli istiqamətdə irəlilədik. Naftalandaydıq, əsgər yoldaşlarımdan fərqli səmtdə idik. Maşınların arxasına topları bağladıqlarından ətrafı görə, səmtimi belə müəyyənləşdirə bilmirdim. Üstəlik, əlimdə silah da yox. Döyüş bölgəsinə silahsız keçə bilməzdim.  Komandirim Ramiz Abdullayevlə danışıb öz taqımımın yerini müəyyənləşdirdim və əsgər yoldaşlarımın yanına keçdim. Döyüş bölgəsində olsaq da, döyüşdə deyildik. Döyüşə girmək üçün can atırdım və bu fürsət yarandı. Dedilər, ön cəbhəyə yemək aparmaq lazımdır, dərhal önə çıxdım”.

 

Səngərdə sınaqdan çıxdı

 

Döyüş bölgəsində olmağı ilk dəfə onda hiss edib: “Maşınımız atəş altında sürətlə irəliləyir, odlu zərbələrdən yayınmağa çalışırdı. Hər an mərmilərin biri maşınımızı, bizi tuta bilərdi. Amma bu, olmadı. Mənzil başına çatıb postlara bölündük. Müdafiəsi bizə tapşırılan post ordumuzun düşməndən geri aldığı mövqelərimizdən idi. Burada komandir olmayanda onu əvəz etmək vəzifəsi də mənə verildi. İnci çayı üzərində, “Təkər” postundan yuxarıda olan həmin mövqedə yerləşdik”.

 

Bir neçə gün ağır döyüşlər gedib: “Başımızı qaldıra bilmirdik. Postda ancaq sürünə-sürünə hərəkət edir, düşmənə qarşı cavab atəşini əlimizdə “sapyor” lapatkası ilə yer qaza-qaza açırdıq. Çünki səngərimiz çox dayaz idi. Dayanmadan yeri qazırdıq ki, bir az dərinləşdirək. Təsəvvür edin ki, yarısında biz, yarısında ermənilərin olduğu səngərdən söhbət gedir. Neytral yer – ermənilərlə mövqeyimizin birləşdiyi yerdə “ixtisas hazırlığı” adlanan yeşiklərin bir neçəsini üst-üstə qoyub özümüzü müdafiə etməyə çalışırdıq. Ermənilərlə aramızda məsafə yox idi”.

 

O səngərdə keçən günləri az qala anbaan xatırlayan Ülvi Qurbanovun “3 nəfərlə Naftalanı qoruduq” – dediyi döyüş də yadındadır: “Axşam saat 5 olardı. Bir neçə gün idi, ağır döyüşlər gedirdi. Eyni adamlar, eyni səngərdə, yatmadan xidmət edirdik. Artıq əsgər yoldaşlarımızın gözləri yumulurdu. Neçə gündən bəri davam edən döyüşlər, atəş altında gərginləşən psixologiyaları dözmürdü. İdmançı olmağın, keçdiyim hazırlıqların üstünlüklərini o günlərdə daha yaxşı hiss etdim. Həm gərginliyə, həm üstün gələn yuxu hissinə nəinki dözürdüm, ayıq-sayıqlığımı da itirməmişdim. Odur ki, ara-sıra eşitdiyim səslər barədə komandirimə məlumat verdim. O, neçə günlük ağır döyüşlərin, yuxusuz, istirahətsiz gecələrin nəticəsi saydı. Elə bildi qilağım səsə düşüb. Amma doğrudan da, o, yanımıza gələndə heç nə eşidilmirdi. Komandir qayıdacağını deyib digər mövqeyə keçdi. Üstündən təxminən 20 dəqiqə keçmişdi, kaskama daş dəydi, sonra daha bir daş. Səngərin içində olub-olmadığımızı yoxlayırmışlar. Eşitdiyim səslər də onların səsi olub, minaları aça-aça gəlirmişlər. Odur ki, bir anda özümüzü erməni kəşfiyyat qrupu ilə atışmanın ortasında gördük. 3 əsgər – biri komandir, yəni müddətdən artıq xidmətdə olan MAXE İbrahimov, mən və Qurban Qurbanov adlı əsgər yoldaşımla erməni kəşfiyyat qrupu ilə döyüşə girdik və onların hücumunun qarşısını tamamilə aldıq. Düşməni nəinki qovduq, hətta döyüşə necə qoşulmuşuqsa, öz səngərimizdən xeyli irəliləmişdik də”.

 

Ü.Qurbanov deyir düşmənimiz üçün sənədin, müqavilənin, razılaşmanın bir əhəmiyyəti yoxdur və heç vaxt olmayıb: “Düşmən təxribatçı idi. Apreldə döyüşlər dayanandan sonra onlar bir təxribata daha əl atdılar. Nəticədə bir hərbçimiz yaralandı, biri isə şəhid oldu və döyüşlər yenidən intensivləşdi. Komandirlərimizdən biri minaya düşdü, mina dabanını tamamilə apardı, qanaxmasını dayandırmaq üçün ayağını “jqut”la bağladım və onu ərazidən təxliyə etdik”.

 

Ü.Qurbanov aprel döyüşlərindən sonra özünün, əsgər yoldaşlarının hiss etdikləri qələbə üstünlüyünün yaratdığı ruh  yüksəkliyinin düşməndə doğurduğu təsiri yaxından müşahidə edə bilib: “Atəşkəs bərpa olunandan sonra artıq psixoloji cəhətdən güclü hiss edirdik. Düşmənin isə özünə inamı qırılmışdı. Səngərdən-səngərə replika atır, yeri düşdükcə güclü olduğumuzu onlara diqtə edir, onda aldığımız cavablardan anlayırdıq ki, 2016-cı ilin Aprel döyüşləri düşmənə qarşımızda zəif olduğunu başa salmağa kifayət etmişdi”.

 

Aprel döyüşlərində fərqləndi

 

Ü.Qurbanov hərbi xidmətdən tərxis olunanda təltif edilib: “Aprel döyüşlərində fəal iştirakıma görə mənə təşəkkürnamə və xüsusi xasiyyətnamə verdilər.

 

Ruhiyyə DAŞSALAHLI