Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.
Nazirlikdən bildirilib ki, növbəti belə tədbir Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıb.
Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib.
Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib. Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər.
Yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.