Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə
Azərbaycan xalqına 27 mart 2003-cü il tarixli müraciətindən
Bəşəri cinayət - erməni vəhşiliyi
Tarixi faktların izi ilə
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bakıdakı erməni vəhşilikləri
Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, “Müsavat” partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər “Müsavat” partiyasına ciddi şəkildə uduzmuşdu. “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, “Müsavat” partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi.
Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan S.Şaumyan İosif Stalinə məktub yazaraq, Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş edirdi. Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə Şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksutyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V.Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur.
“Evelina” münaqişəsi
Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi.
Ermənilər gənc qadınları diri-diri divara mıxlamışdılar
Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.
Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar...
Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.
Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi
Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.
1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.
Soyqırımı nəticəsində ümumilikdə 70 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan ediblər.
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Quba Soyqırımı Memorial Kompleksi
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli Sərancamı ilə Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Niyazi RƏHİMOV