“2022-2026 Dövlət Proqramı” çərçivəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb


Məlum olduğu kimi, martın 1-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində  təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start verilib. Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində proqramın icra vəziyyəti barədə danışıb.

 

- Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 

Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub.

 

Ümumilikdə, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.

 

Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 5 ölkəsinə aid 32 nüfuzlu ali təhsil müəssisəsindən 109 nəfər məzun olaraq ölkəyə qayıdıb.

 

Eyni zamanda, 1 mart 2024-cü il tarixindən 2024/2025-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbuluna start verilib və sözügedən qəbul 15 iyun 2024-cü il tarixinədək davam edəcəkdir.

 

- Builki qəbul qaydalarında hansı yeniliklər var?

- “2022-2026 Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 217 nömrəli 2022-ci il 1 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydası” əsasında həyata keçirilir. Sözügedən Qaydada tələb olunan sənədlərlə yanaşı, namizədlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş 2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısında yer alan xarici ali təhsil müəssisələrindən müvafiq proqram üzrə qəbul sənədləri alaraq proqrama müraciət etməlidirlər. Siyahı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin “universitetlər üzrə top10”da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.

 

- Namizədlər seçimlərini necə edə bilərlər? Onlara nə kimi tövsiyələriniz var?

-“2022-2026 Dövlət Proqramı” xaricdə bakalavriat və magistratura səviyyələrinə qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub. Proqrama müraciət üçün əsas şərtlərdən biri xarici ali təhsil müəssisələrindən qəbul sənədinin əldə edilməsidir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq siyahı dp.edu.az saytında yer alır. Sözügedən siyahıya daxil olaraq namizədlər uyğun proqramları seçib  müvafiq xarici ali təhsil müəssisələrinə müraciət edərək, qəbul sənədi alsınlar və digər tələb olunan sənədlərlə birgə portal.edu.az səhifəsi üzərindən proqrama müraciət etsinlər.

 

- Proqramın nəticələri, məzun olan və ya təhsillərini davam etdirən tələbələrimizin uğurları barədə nə deyə bilərdiniz?

- Daha öncə də vurğuladığımız kimi, Dövlət Proqramında hazırda dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 5 ölkəsinə aid 32 nüfuzlu ali təhsil müəssisəsindən 109 nəfər məzun olaraq ölkəyə qayıtmışdır. Qeyd edə bilərik ki, tələbələrimiz ölkəmizi xarici ölkələrdə uğurla təmsil edir, təhsil aldıqları ali təhsil müəssisələrində Azərbaycan Cəmiyyəti yaradır, bizim adət-ənənələrimizi, bayramlarımızı, mədəniyyətimizi təbliğ edirlər. Bununla yanaşı, onlar akademik fəaliyyətlərində də kifayət qədər uğur qazanırlar.

 

Məlum olduğu kimi, Proqramın məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Sözügedən məqsədin təmin edilməsi ilə bağlı qeyd edə bilərik ki, geri qayıdan məzunların bir çoxu isə artıq müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə çalışaraq ölkəmizə öz töhfələrini verirlər.

 

Oruc MUSTAFAYEV