Olgun Çiçek: “Akkreditasiya universitetlər üçün davamlı, daim inkişaf edən və yeniləşən çox önəmli bir gücdür”


Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin vitse-prezidenti professor Olgun Çiçek “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində ali təhsildə keyfiyyət təminatı, milli və beynəlxalq akkreditasiya qaydaları, bu sahədə dünyada baş verən yeniliklərin prosesə təsiri, eləcə də Azərbaycan universitetlərinin inkişafı barədə fikirlərini bölüşüb. 

 

- Universitetlərin akkreditasiyası nə deməkdir və nə üçün lazımdır?

- Universitetlər üçün akkreditasiya çox önəmli bir prosesdir. Bu prosesin nə demək olduğundan, əhəmiyyətindən danışırıqsa, akkreditasiya universitetin prestiji, güvəni, beynəlxalq tanınması üçün vacib bir etiket kimi görünür. Akkreditasiya universitetin keyfiyyət təminatıdır. Bu, çox vacib bir göstəricidir.  Buna görə də akkreditasiya dedikdə, yalnız universitetin kampusu, binası, müəllim heyəti deyil, A-dan Z-yə bütün imkanlarına baxılır. Yəni bir universitetin rəsmi çəkilir, burada ali məktəbə aid bütün məqamların nəzərə alınması vacibdir. Dolayısı ilə hər şey qaydasındadırsa, doğrudursa, o zaman universitet akkreditasiya alır. Bu, vacib bir keyfiyyət standartı və ölçmədir. Həm də bu, birdəfəlik deyil. Deyək ki, akkreditasiya beş il, bəzi ölkələrdə isə dörd il çəkir. 4-5 ildən sonra universitetin təkrar akkreditasiyadan keçməsi lazımdır ki, onun inkişaf yolunda davam etdiyini və dayanıqlı olduğunu görə bilək. Beləliklə, keyfiyyət təminatı və ya standartlar birdəfəlik deyil, universitetlər üçün davamlı, daim inkişaf edən və yeniləşən çox önəmli bir gücdür. Bu səbəbdən ali təhsil müəssisələri üçün akkreditasiya çox vacibdir.

 

- Akkreditasiya ali məktəblər qarşısında nə kimi öhdəliklər qoyur?

- Təbii ki, bu, belədir. Çünki akkreditasiyanı  həyata keçirən, əgər milli  akkreditasiyadırsa, deyək ki, Azərbaycanda TKTA, beynəlxalq akkreditasiyadırsa, Avropada və Amerikada və ya başqa yerdədirsə, bu qurumların şəbəkələri, onların standartları var. Ekspertlər gəlir, ali məktəblə yaxından tanış olar, dərindən təhlil edər, sonra təsdiqləyər. Yalnız bundan sonra universitet akkreditasiya alır. Bu da o deməkdir ki, verdiyin sözə, vədə əməl etməlisən. Bir-iki il, 4 il sonra təkrar gəldiyində universitet eyni inkişaf tempində olmalı, prosesin eyni şəkildə davam etməsi lazımdır. Bu da universitetin yükümlülüyüdür. Həm maliyyə, həm akademik, həm də tədqiqat yükümlülüyüdür.

Ali məktəbin təhsilalanlar, cəmiyyət, tabe olduğu nazirlik, akademik, professor-müəllim heyəti qarşısında məsuliyyəti var. Buna görə də akkreditasiya universitetlər üçün, mənə görə, zəruri şərtdir.

Bu, universitet üçün həm daxili, həm də beynəlxalq aləmə çıxmaq baxımından güvəndir. Ona görə də bu öhdəliklər, maddi yükümlülükdən bəhs etmirəm, universitetdə tədrisin, tədqiqatların keyfiyyətinin, cəmiyyətə xidmət missiyasının vacibliyini göstərir. Bu, bir məsuliyyətdir, universitetin görəvi, missiyası da budur. Dövlət universitetlərə fəaliyyətləri üçün yol açdı, onlara dəstək oldu, xalq da öz övladlarını oraya oxumağa göndərdi. Müəllimlər də təhsilli gənclər yetişdirmək üçün oradadır. Bu, önəmli, hətta milli bir öhdəlikdir, çünki sonda biz gələcək nəsilləri yetişdiririk. Bunların da keyfiyyətinin etibarlılığı akkreditasiya vasitəsilə əldə olunur. 

 

- Tələbələr və universitetlər üçün akkreditasiyanın hansı üstünlüklərini qeyd edərdiniz?

- Akkreditasiya universitetlərə, müəllimlərə, tələbələrə çox böyük üstünlüklər verə bilər. Deyək ki, mən bir tələbə olaraq beynəlxalq akkreditasiyadan keçmiş bir universitetdən müəyyən bir proqram üzrə məzun olduğum zaman bu etiketi qürurla daşıyıram. Çünki aldığım təhsilin keyfiyyəti akkreditasiya qurumu tərəfindən  təsdiqlənmişdir.

Məzun başqa bir ölkəyə getdiyi zaman diplom aldığı universitetin keyfiyyətini necə anladacaq? Bizim akkreditasiyamız var dediyin zaman sənə “oldu, bu ayrı məsələ” deyərlər.

Onun nə anlama gəldiyini başa düşərlər, çünki akkreditasiyanın nə olduğunu, onu əldə etmənin çətinliyini bilirlərsə, aldığın diplomu verən universitetin də akkreditasiya normalarına, standartlara sahib bir universitet olduğunu anlayırlar. Bu səbəbdən də akkreditasiya tələbələrə məzun olduqdan sonra iş taparkən, başqa bir universitetlərə gedib orada magistr, doktorantura kimi yüksək səviyyəli ali təhsil almalarında onlara böyük üstünlüklər verər.

 

Bir universitet daxilində də eyni hal keçərlidir. Öz ölkələrində, bölgələrində test edilmiş, keyfiyyətinə təminat verilmiş, prestijli qurumlar tərəfindən akkreditasiya almış yüksəksəviyyəli universitetlər məsuliyyətlə fəaliyyətlərinə davam edərlər. Burada xaricdən layihə almaq, nüfuzlu universitetlərlə işbirliyi həyata keçirmək üçün ali məktəbin keyfiyyət təminatına baxılır. Yəni, Amerikadakı, Avropadakı bir universitet buradakı universitetə gəlmədən, onu görmədən, sadəcə veb səhifəsinə baxmaqla onun keyfiyyəti barədə nə məlumat alacaq?

 

Yalnız akkreditasiyasını gördüyü zaman deyəcək: bunlar bizim kriteriyalara uyğun və etibarlı bir universitetdir. Deyəcək ki, bəli, bu universitetlə işbirliyi edə bilərik. Yalnız bu halda Avropa Birliyindən, UNESCO-dan, Dünya Bankından, Erasmus-dan layihə ala, hər cür prioritet mövzu üzrə birgə proqram həyata keçirə bilərsən, əməkdaşlıq və layihələr üçün yaxşı universitet tapmaq şansın olar və s.

 

Bu baxımdan bir çox üstünlüklərə sahib ola bilərsiniz. Bu, əlbəttə ki,  universitet üçün əlavə prestijdir, ölkənin qüruru olmaq deməkdir.

 

- Akkreditasiya  təhsilin keyfiyyətinə necə təsir edir?

- Akkreditasiya dedikdə, universitelərdə keyfiyyət təminatının təsdiqlənməsidir. Yəni, universitetin taclandırılmasıdır. Yəni keyfiyyət təminatın var, amma bunu necə isbat edəcəksiniz? Akkreditasiyadır bunu isbat edən. Universitetin tacı varsa, bu, onun keyfiyyət göstəricisidir. Dediyim kimi, bu, bir məsuliyyətdir. Bu tədrisin keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaq əzmində olduğunuzu göstərir. Çünki keyfiyyətdə davamlı olaraq yaxşılaşma vardır. Yəni, “mən akkreditasiya oldum, artıq bundan sonra kənara çəkilim” deyə bilməzsiniz. Sürəkli yaxşılaşma üçün imkan var. O üzdən də  akkreditasiya 4-5 ildə bir dəfə keçirilir, təkrarlanır, çünki daim inkişafda olması vacibdir. Aşağı getməməsi lazım ki, inkişafda dayanıqlı olsun. Akkreditasiya ali təhsildə keyfiyyətin təminatı üçün önəmlidir. 

 

- Universitet akkreditasiya olmadan fəaliyyət göstərə bilərmi?

- Buna cavabım “xeyr” olar. Çünki ən pis ehtimalla ölkə daxilində olan  universitetin öz milli akkreditasiyasını alması lazımdır. Yəni, akkreditasiyanı TKTA-dan alması lazımdır. Başqa ölkələrdə də bunlar keçərlidir. Öncə öz ölkəndə  akkreditasiya almağın lazımdır. Xaricdə beynəlxalq akkreditasiya almaq isə 2 dəfə taclandırmaq kimi düşünülür. O zaman sərhədləri aşmış olacaqsınız və daha prestijli olacaq.  Bir universitet akkreditasiya olunmazsa, verdiyi diplomların tanınması keçərli də olmaz. Dolayısı ilə bu universitet saxta diplom verən qurumlar kimi olur. Sənin diplomunu kim təsdiqləyir? Çünki Təhsil Nazirliyi o diplomu təsdiqləmirsə, diplomun keçərli olmaz ki? Burada sənədin təsdiqlənmirsə, onu Avropada və ya başqa bir ölkədə kimsə qəbul etməz. Bu, belədir. 

 

- Biz milli və beynəlxalq akkreditasiyadan danışırıq. Metodologiyalarda fərqlər  varmı?

- Milli və beynəlxalq akkreditasiyalarda fərqliliklər, əlbəttə, olur. Avropa Birliyini düşündüyümüzdə hazırda qüvvədə olan standartlar var ki, bütün Avropa ölkələrində keyfiyyət təminatı, akkreditasiyada istifadə olunan  standart və ölçülərdir. Bütün Avropa ölkələrinin universitetləri bunları tətbiq etdiyi üçün orada bir standartlaşma və vahid kriteriyalar var. Ancaq Avropadan kənarda, Amerikada, Asiyada, Afrikada  və s. fərqli ölkələrdə fərqli akkreditasiya təcrübələri var.

Milli akkreditasiya ölkənin öz prioritet ehtiyac normaları və gözləntiləri istiqamətində qarşıya qoyulan standart və qaydalar, kriteriyalarıdır.

 

Amma beynəlxalq akkreditasiyalarda daha universal kriteriyalar görürük. Universitetin akademik kredit, inteqrativliyi, akademik etik kimi xüsusiyyətləri, sosial, cəmiyyətə xidmət öhdəlikləri, regional inkişafa dəstək kimi daha vacib hədəflər qoyula və meyarlar da ola bilər. Bundan əlavə, beynəlxalq akkreditasiyaların  sadəcə ölkədəki standartlara və keyfiyyət səviyyəsinə görə deyil, həm də beynəlxalq standartlara uyğun dərəcələndirmə və yoxlamaların nəticələrinə görə aparıldığı üçün bir qədər yüksək olduğunu deyə bilərik.

 

Yeni texniki yeniliklərdən daha çox evristik, daha universal yüksək ali təhsil standartları və keyfiyyət səviyyəsi nəzərə alınır. Ona görə də arada fərqlilikləri görə bilirik. Amma fikir və ya nəticə olaraq məqsəd eynidir -  sonda bir akkreditasiya keyfiyyətin təsdiqlənməsi baş verir. Keyfiyyət səviyyəsi (bir, üç və ya beş) müəyyən olunur. Bəzi ölkələrin standartları beynəlxalq standartlardan yüksək ola bilir. Bu, əslində seçim, inkişaf və ya ölkədəki qanun və qaydaların tələb etdiyi məsələ ola bilər.

 

- Siz Avropa universitetlərinin akkreditasiya normaları barədə nə deyə bilərsiniz? Yeniliklər özünü nədə  göstərir?

- Avropa universitetlərinin akkreditasiya normaları 2015-ci ildə yenilənmişdir. Ondan sonrakı mərhələdə yenilənmə olmadı, hələlik 2015-ci il yenilənməsi tətbiq olunur. Amma hazırda son 2 ildir ki, pandemiyadan sonra bunun yenilənməsi vacibliyindən danışılır. “Yeniliklər nələrdir” - deyəsi olsaq, pandemiyadan sonra onlayn təhsil önə çıxdı. Pandemiyadan sonra normal universitetin dərs və ixtisaslarından əlavə, daha spesifik mövzularda proqramlar, kurslar, dərslər, təkbaşına gedib hansısa bir universitetdə uzmanlıq dərsi ala bilərsiniz, onlayn da təhsil ala bilirsiniz. Digər tərəfdən bunları kreditləndirmək, onların keyfiyyətinin,  standartlarının müəyyən edilməsi məsələsi, süni intellekt (Sİ) ortaya çıxdı. Sİ-nin tətbiqi, onun keyfiyyət və akkreditasiya təminatı necə olacaq? Yəni, son zamanlarda texnologiyalar ilə yanaşı, bir çox dəyişikliklər də gündəmdir. Bunlar hazırda həm Avropada, həm Amerikada müzakirə olunur. Özəlliklə süni intellektin təhsilə inteqrasiyası mövzusu, bunu da yeniliklər olaraq saya bilərik. 

 

- Universitetlər inkişaf edir, yeniliklər baş verir, akkreditasiya qaydalarında da yenilənmə baş verirmi?

- Bəli, universitetlər inkişaf edir, hər cür keyfiyyət və akkredatisiya qaydaları da yenilənir. Bu, qaçılmazdır. Amerikada da belədir. Məsələn, keyfiyyət təminatı agentlikləri, Azərbaycanda TKTA kimi zaman-zaman standartlarını, kriteriyalarını yeniləyirlər. Bu dəyişikliklər və yaşanan təkmilləşdirmələrə uyğun olaraq da onlar öz metodologiyalarını yeniləyirlər, çünki eyni şəkildə irəli gedə bilməzlər.  Kriteriyalarını yeniləri ilə əvəzləyə, yüksəldə və ya ləğv edə  bilərlər. Yəni,  bu yeniləmələr günün ehtiyaclarına, ümumi gözləntilərə uyğun olaraq həyata keçirilir və bu, təbiidir.  Bunu edərkən də 3-5 nəfər oturub öz düşüncələrinə əsasən bu yeniləmələri etmirlər. Onlar universitetlərlə danışıqlar aparır, bütün daxili və xarici tərəfdaşlarla görüşərək belə qərarlar verirlər. Nazirliklərlə də əlaqə saxlayır, tələbələrlə, sənaye sektoru şirkətlərlə də görüşürlər. Əvvəlcə özlərini təftiş edirlər, bu da gözəl bir şeydir. Yəni bugünkü sürətli inkişaf da bunu zəruri edir.

Dəyişikliklərə qarşı sizin də dəyişməyiniz və ona uyğun hala gəlməyiniz vacibdir. Universitetlər necə dəyişib inkişaf edirlərsə, akkreditasiya qurumları da dəyişib inkişaf edirlər. Qaydalarını yeniləyirlər, bu, qaçılmazdır. Dünyanın hər yerində belədir.

 

Son illərdə  belə bir trend də müşahidə olunmağa başlayıb. Beynəlxalq akkreditasiya qurumlarında son illərdə artıq gerçəkdən hər kəs qloballaşdı. Yəni, Almaniyadakı hansısa bir qurum İndoneziyada, Vyetnamda akkreditasiya aparır, İngiltərədəki bir qurum Cənubi Amerikada, Şərqdəki bir qurum eyni işi Avropada görür, Avropadakı bir qurum isə Afrikadakı bir universitetdə akkreditasiya aparır. Akkreditasiya qurumları da qloballaşır, standartlar bir-birinə yaxınlaşır. Yəni Avropanın standartları bir az daha “yaşlanmış”,  Amerikada isə  bəlli proqramlar oturuşmuş durumdadır. Bunlar artıq bütün dünyaya yayılır. Mən bir çox ölkədə akkreditasiya apardım, akkreditasiya qaydalarının 80 faiz eyni olduğunu deyə bilərəm. Çünki universitetlərin funksiyaları, təməl missiyaları nə qədər fərqli ola bilər ki? Arada bəlkə xırda əksiklik, böyük dəyişikliklər vardır, amma ümumi çərçivə və mentalitet, məntiq eynidir. Dolayısı ilə bu qloballaşma səylərinə də təsir etdi.

 

- Azərbaycan universitetlərinin inkişaf tempini necə dəyərləndirirsiniz?

- Azərbaycan universitetləri son illərdə gerçəkdən inkişaf içindədir. Mən son 2-3 ildə Azərbaycana tez-tez gəlirəm, sürəkli tədbirlər keçiririk.  Rektorlarla da görüşlərimizdə də hiss etdiyim kimi Azərbaycan universitetləri istər Elm və Təhsil Nazirliyinin, istərsə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin təşəbbüs və dəstəyi ilə yavaş-yavaş artıq beynəlxalq aləmə açılmağa,  öz sərhədlərini aşmağa başladı. Xaricdən əcnəbi tələbələri, müəllimləri gətirmək üçün çalışmalara başlandı, Erasmus kimi beynəlxalaq layihələrdə iştirak, buradan xarici ölkələrə səfərlər, xarici universitetlərlə, təkcə Türkiyəni demirəm, həm də Avropa və başqa ölkələrlə də işbirlikləri başladı.

Məncə, Azərbaycandakı universitetlər artıq ölkə daxilində öz inkişafında əhəmiyyətli mərhələyə keçdilər. Artıq xarici qurumlarla işbirliyi həyata keçirmək üçün güclənib, beynəlxalq arenaya açılma mərhələsindədir.

Bu, təbii ki, hələ başlanğıcdır. Məncə, düzgün bir yoldayıq, burada bir işıq, bir ümid, bir iradə var. Universitetlərdə də bir motivasiya var. Bunu onların həm beynəlxalq akkreditasiya almalarından, həm də reytinqlərə maraqlarının və əlaqələrinin artmağa başladığından söyləyə bilərik. Yavaş-yavaş yeni işbirlikləri artdıqca  universitetlər daha çox inkişaf edəcəkdir. Buna inanıram. Maraq da var, inam da var, dəstək də var. Ümid edirəm ki, həm daxildən, həm xaricdən olan ikitərəfli təşəbbüslərlə yeniliklər başlayacaq. 

 

Oruc MUSTAFAYEV