Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
35 ailə olmaqla, 134 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Yeni köçən ailələrə ANAMA əməkdaşları tərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 631 ailə olmaqla, 2379 nəfərin daimi məskunlaşması təmin edilib.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
Azərtac