Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı – Novruzla əlaqədar tədbir keçirilib. Bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb. Təbriki təbiyyət fakültəsinin dekanı dosent Ramiz Şəmmədov təqdim edib.
Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi adlı təqaüd LDU-nun iki tələbəsinə təqdim olunub. Universitetin tələbələri Fəridə Əzizovaya və İlkin Qurbanova pul mükafatlarını LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev təqdim edib.
Sonra universitetin bayramsayağı bəzədilmiş akt zalı LDU-nun gənc istedadlarının, Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarında xoş ovqat, bayram əhval-ruhiyyəsi yaradıb.
Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.