AzMİU tələbəsi: “Dünya Gənclər Festivalı 2024” bu il hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə keçirilirdi”


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində ölkəmizi təmsil edib. 

 

Genişmiqyaslı beynəlxalq tədbirə Azərbaycandan 150 gənc qatılıb. Onlar Azərbaycana aid məlumatların digər ölkə gənclərinə çatdırılmasına öz töhfələrini veriblər.

 

Memarlıq fakültəsi “Memarlıq” ixtisasının 2-ci kurs tələbəsi Aylin Bayramovanın təqdimatında nümayiş olunan Azərbaycan milli rəqsləri festivala xüsusi rəng qatıb. 

 

Aylin Bayramova festivalla bağlı öz təəssüratlarını bölüşüb.

 

- Aylin, festival necə keçdi, bir gənc olaraq nələr qazandın?

- Bir sözlə ifadə etsəm, sadəcə möhtəşəm. Festival yüksək səviyyədə təşkil olunmuşdu. Dünyanın müxtəlif ölkələrindən gənclər seçilmişdi. Rəngarəng keçən festivalda dünya xalqlarının mədəniyyətini tanımaq, ən əsası həmin ölkələrdən gələn gənclərlə ünsiyyətdə olmaq xoş idi. Azərbaycanlı gənclər olaraq bizə yaradılan imkandan maksimum yararlandıq. Çoxlu dostlar, təcrübə qazanmaq, ölkəmizi, tariximizi, mədəniyyətimizi dünyaya tanıtmaq imkanı əldə etdik. Soçidə olduğumuz müddətdə sərgiyə də qatıldıq, müxtəlif xalqların milli mədəniyyətləri, adət-ənənələri ilə tanış olduq. Qeyd etmək istəyirəm ki, bir həftə davam edən “Dünya Gənclər Festivalı 2024” bu il hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə keçirilirdi.

 

- Festivalda yəqin ki, özünə dostlar qazana bildin…

- Çin və Şri-Lankadan gələn gənclərlə dostluqlar qurdum. Stendlərində yer alan milli geyimlər ilə şəkillər çəkdirdim. Birgə müzakirələr apardıq, mədəniyyətlərimiz barədə bir-birimizi məlumatlandırdıq. Onlar mənə öz əlaqə nömrələrini verdilər. Festivalın bitməyinə baxmayaraq, onlarla dostluğumuz davam edir, sosial şəbəkələr vasitəsi ilə danışırıq.

 

- Ölkəmizin stendini necə təsvir edərdin?

- Azərbaycanın adına layiq bir stend hazırlamışdıq. Lap əvvəldən festivalda iştirak edən əcnəbi gənclərin diqqətini cəlb edə bildik. Azərbaycanın milli adət-ənənələrindən, tarixindən, mədəniyyətindən, mətbəxindən əcnəbilərə məlumat verdik. Bu, qürurverici hiss idi. Əcnəbi gəncləri milli mətbəximizə aid şirniyyatlarımızdan – şəkərbura, paxlava, qoğal və digər təamlara qonaq etdik.  Hər kəsin üzü gülürdü. Festivalda, həmçinin maariflənidirici mühazirələr, müxtəlif əyləncəli fəaliyyətlər, o cümlədən çoxlu sayda mədəni tədbirlər də keçirildi.  Bağlanış mərasimində isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak etdi,  gənclərin suallarını cavablayıb, uğurlar arzuladı.

 

- Bildiyimiz qədər, siz orada milli rəqslərimizi nümayiş etdirmisiniz…

- Festivalda Rusiyanı təmsil edən həmyerlimiz Səidə Kasumova ilə birgə kompozisiya nümayiş etdirdik. Onun ifasında "Sarı gəlin" mahnısı səsləndi və mən də öz rəqsimlə mahnını müşayiət etdim. Alqışlarla qarşılanan kompozisiyamız Rusiya və Azərbaycan dostluğunu nümayiş etdirdi. Təbii ki, bunu gözü götürməyənlər də oldu.

 

- Yəqin ki, bizim uğurlarımızı həzm edə bilməyən qonşularımızı deyirsən?!

- Düz tapdınız. Onlar festivalda cürət etməsələr də, küçədə qondarma “Dağlıq Qarabağ”ın bayrağını qaldırdılar. Gənclər və İdman Nazirliyindən bizə rəhbərlik edən nümayəndəmizlə birgə Ermənistandan olan həmin iştirakçıdan şikayət etdik. Bildirdik ki, bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Nəticədə həmin iştirakçı festivaldan uzaqlaşdırıldı. 

 

- Və bizim nümayəndə heyətinin, eləcə də sənin möhtəşəm çıxışların davam etdi... Həyəcanlı idin?

- Festivalda səhnəyə qalxanda, xoş həyəcan duyurdum. Bu həyəcan oynayacağım rəqsin gətirdiyi bir duyğu idi, amma rəqsə başlayan kimi həyəcanım dərhal yoxa çıxırdı. Mən dünya və milli rəqslərimizi bacarıram. Lakin Azərbaycan milli rəqslərini ifa edəndə bunu mükəmməl yerinə yetirməyə çalışıram. Çünki festivalda nümayiş etdirdiyim milli rəqslərdə xalqımızın tarixi, mənəvi dünyası, adət-ənənəsi, psixologiyası, xarakteri təqdim olunur. Rəqslərimiz sadəcə, primitiv hərəkətlər ardıcıllığı, başqa sözlə desək, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü deyil. Bizi izləyən əcnəbilərə tariximizdən süzülüb gələn o dəyərləri anlatdıq. Nə xoş ki, bu gözəl alındı.