Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin üzvləri Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) hər il keçirdiyi İnşaat Mühəndisliyi Zirvəsində (CivilCon 2024) iştirak ediblər.

 

AzMİU-nu tədbirdə TEC-in sədri Günel İmamquliyevanın rəhbərliyi ilə inşaat fakültəsinin üzvlərindən ibarət bir qrup tələbə təmsil edib. 

 

AzMİU TEC-in gənclərin elmə marağının artırılması istiqamətində növbəti addımı olan bu tədbir maraqlı görüşlər, seminar, panel və vörkşoplarla yadda qalıb. Tələbələr dünyanın fərqli ölkələrindən gələn elm adamları ilə ünsiyyətdə olub, beynəlxalq təcrübəni öyrənib, inşaat mühəndisliyi sahəsində son yeniliklərdən agah olublar. 

 

Müxtəlif ölkələrdən inşaat mühəndislərinin qatıldığı proqram həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. Birinci gün tələbələr tədbirin açılış mərasiminə qatılıb və İstanbulun tarixi abidələrini ziyarət ediblər.

 

Növbəti günlərdə AzMİU nümayəndələri seminarlar, vörkşoplar, şirkətlərin nümayəndələri ilə görüşlərdə iştirak ediblər.

 

Proqram çərçivəsində gənclərə fərqli tapşırıqlar verilib. Tələbə gənclər onlara təqdim olunan tapşırıqlara əsasən, müxtəlif hissələrdən ibarət konstruksiyalar yığıblar. AzMİU tələbələrinin də qatıldığı yarışda inşaat materiallarından istifadə edərək konstruksiyalar hazırlanıb. Yekunda tapşırıqları uğurla yerinə yetirən AzMİU tələbələri yarışdan qalib kimi ayrılıblar.

 

Sonuncu gün isə iştirakçılar üçün texniki səyahət təşkil olunub və tələbələr tunel tikintisini yaxından izləyiblər.