Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm Günü”nə həsr olunan doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. 

 

Seminarın açılışında MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  çıxış edərək seminarın aktuallığına diqqət çəkib. O, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçiriləcəyini xüsusi vurğulayan V.Mustafayev belə bir mötəbər və nüfuzlu tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, bu sahədə aparılan misilsiz xidmətlərlə bağlı olduğunu vurğulayıb.

 

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

 

Sonda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ətraf mühitin qorunması, meşə zolaqlarının, su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması və digər məsələlərə dair fikirlər səsləndirilib.

 

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.