Müasir gəncliyin maarifləndirilməsi, incəsənətin müxtəlif sahələrinə maraq dairəsinin artırılması, eyni zamanda musiqi təhsil və tədris sisteminin ümumilikdə optimallaşdırılması məqsədi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyası yenilikçi ənənələrini davam etdirir və innovasiyalı layihələrlə müntəzəm çıxış edir. Həmin tədbirlərdən biri kimi BMA-nın nəzdindəki Opera studiyasının səhnəsində Gennadi Qladkovun musiqisinə yazılmış “Bremen musiqiçiləri” musiqili teatr tamaşası uğurla səhnələşdirilib.

 

Daim yaradıcı fikirlərlə ön sıralarda qərarlaşan Məktəb-studiya bu dəfə də fərqlilik nümayiş etdirərək “Bremen musiqiçiləri” musiqili tamaşasını ölkəmizdə, ilk dəfə Azərbaycan dilində tamaşaçılara təqdim edib. Bu təşəbbüs, əlbəttə, alqışa layiq bir addımdır, əcnəbi xalqların mədəniyyətinin öyrənilməsinə, tamaşaçı auditoriyasının genişləndirilməsinə, təkcə rusdilli deyil, eyni zamanda doğma dilimizdə təhsil alan uşaqların müxtəlif ölkələrin musiqisi ilə tanış olmasına böyük imkanlar yaradır.

 

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanda Uşaq opera teatrı layihəsinin təşəbbüskarı görkəmli musiqi xadimi, BMA-nın İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və uzun illər bu müəssisəyə rəhbərlik etmiş, professor Tərlan Seyidov olub. Bu gün də həmin opera teatrı müdrik, uzaqgörən şəxsiyyətin – Tərlan müəllimin adını daşımaqdadır.

 

“Bremen musiqiçiləri” tamaşasının ərsəyə gəlməsində teatrın bədii rəhbəri, BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədova, quruluşçu rejissor Məzahir Həşimov, musiqi rəhbəri, Məktəb-studiyanın müəllimi Ofeliya Axundova və rus mətninin Azərbaycan dilinə tərcüməçisi, Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini Aytən Oqtayqızının olduqca böyük rolu var. Əlbəttə, tamaşanın “baş qəhrəmanlarını”-  Məktəb-studiyanın şagird heyətindən ibarət aktyor komandasını ayrıca qeyd etmək lazımdır. Bir-birindən istedadlı və yüksək potensiala malik uşaqlar musiqili əsərin sehrinə qapılaraq olduqca maraqlı iş təqdim ediblər.

 

Uşaqlar tamaşanın hazırlanması dövründə yetərincə mürəkkəb və güc tələb edən, bəzən də yorucu məşq proseslərində iştirak edirdilər. Lakin buna baxmayaraq, onlar bu yaradıcı işə həvəslə və məsuliyyətlə yanaşırdılar. Müxtəlif obrazları məharətlə canlandırmaq, səhnə davranışı qaydalarını ustalıqla yerinə yetirməklə musiqi nömrələrini əyləncəli, gülüş doğuran şəkildə tamaşaçıya ötürən kiçikyaşlı aktyorlar tamaşaçının zövqünü oxşamağa nail oldular. Əlvan kostyumlar, rəngarəng dekorasiya və işıq effektləri də səhnənin ecazkarlığını artırıb. Yaradıcı iş üçün tələb olunan bütün bu məqamlar “Bremen musiqiçiləri”ndə öz əksini tapıb və uğurlu tandem yaradıb.

 

Tamaşanın premyerası həm uşaqlar, həm də onların valideynləri və müəllimləri üçün bir bayrama çevrilib. Yüksək əhval-ruhiyyəli tədbir yaradıcı qrupu ilhamlandıraraq, yeni-yeni işlər görmələrinə təkan verib.

 

Uşaqların hərtərəfli inkişafı üçün bu kimi layihələrin keçirilməsi əhəmiyyətli sayılır və Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının çoxtərəfli iş prinsipi məhz bu istiqamət üzrə irəliləyir.

 

Şəfəq Hacıyeva,

Məktəb-studiyanın böyük elmi işçisi