Şəhid anası Xuraman müəllim: “Balama bənzəmək istəyən şagirdlərimdən təsəlli tapıram”
“Nə yerdəyəm, nə göydə. Bircə oğlumu itirmişəm sentyabr ayında. Sevdiyim şagirdlərim, hörmətli kollektivim, valideynlərim həmişə yanımda olduqlarına görə onlara minnətdaram”, - deyir Bakı şəhəri R.Əliyev adına 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xuraman Məmmədova. Onu bir gecədə “şəhid anası müəllim” kateqoriyasına keçirən məşum hadisə barədə çox danışıldı. Əvvəlcə, yol qəzasında şəhid olduğu bildirildi, sonra minaya düşənlərdən biridir, deyildi. O gün biri-birinin arxasınca daha 8 vətənpərvər, 8 polis əməkdaşı üçün son gün oldu.
Sentyabrın 19-da gecə saat 1 radələrində Füzuli rayonu ərazisində partlayan mina Xuraman müəllimin dünyasını başına yıxdı. O hadisədə şəhid olan 3 polis serjantından biri məhz onun oğlu Rasim Məmmədov idi: “Getmədən öncə görüşdük. Minaya düşən maşında şəhid olan 3 polis əməkdaşından biri idi. Amma başqası sanmışdılar, əvvəlcə başqasının ölüm xəbəri yayılmışdı, sonra şəhidlərdən birinin Rasim olduğu müəyyənləşdi...”
Bu cümlələri söyləyərkən ürəyindən nələr keçir, nələr... Demək istədikləri, deyə bilmədikləri boğazında düyünlənir: “Vətən müharibəsindən sonra tez-tez şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. Şagirdlərim onları tanısın, hörmət eləsin, onların balaları kimi qəhrəman yetişsin istəyirdim. Bir yandan da onlara təsəlli olmağa çalışırdım. Fikirləşirdim ki, balalarının unudulmadığını, onların oğullarına bənzəməyə çalışan yüzlərlə məktəbli olduğunu görmək ürəklərinə su səpər. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər. Daha mən də onlar kimi, balama bənzəmək istəyən şagirdlərdən təsəlli tapıram. Rasimin iyini oğlumun iki övladından almağa çalışıram”.
Xuraman müəllim işlədiyi məktəbin məzunu olan oğlunu sevənləri görəndə də qürurlanır: “Məktəbimizin 2005-ci il məzunudur Rasim. Burada adına xatirə lövhəsi qoyulub. Müəllimlərinin hamısının sevimlisi idi”.
Qeyd edək ki, Rasim Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xuraman müəllimin ikinci övladı qızı Zərifədir. Onun da taleyi Xuraman müəllimin işlədiyi məktəblə bağlanıb, o da təhsil işçisidir.
Tanışlıq üçün qeyd edək ki, indi “Şəhid anası” statusunu qürurla daşıyan Xuraman müəllim Bakının yaxşı müəllimlərindəndir. 1965-ci ildə doğulub. Bakıdakı 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 1994-cü ildən Bakı şəhəri R.Əliyev adına 254 nömrəli tam orta məktəbdə müəllimdir. 2022-ci ilin sentyabr ayında müəllimlərin sertifikatlaşdırılması prosesində uğurla iştirak edənlərdən biridir. Test mərhələsindən 54 bal, müsahibə mərhələsində isə 36 bal toplayıb. Bir sözlə, Xuraman müəllim peşəkarlığı ilə də ad alıb. Ailədə də, məktəbdə də təhsilli, dünyagörüşlü, ağıllı, ən əsası isə qəhrəmanlar yetişdirib və yetişdirməyə də davam edir.
Ruhiyyə DAŞSALAHLI