Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib.

 

Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi polkovnik Mehman Əliyev, rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, polis mayoru Orxan Şahmarov, Quba filialının direktoru Yusif Alıyev, filialın müəllim və tələbə heyəti iştirak ediblər.

 

Dosent Yusif Alıyev tədbirin mahiyyəti haqqında qısa məlumat verib, daxili işlər orqanlarının bu istiqamətdə gördüyü sistemli işlərin rayon ictimaiyyəti və gənclər tərəfindən alqışlandığını diqqətə çatdırıb.

 

Quba Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev gəncləri Azərbaycanın işıqlı gələcəyi naminə qoruyan Azərbaycan polisinin Quba rayonunda da apardığı məqsədyönlü fəaliyyətdən söz açıb.

 

Şöbənin rəis müavini polis polkovnik–leytenantı Vüsal Rüstəmov narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan sağlamlığına vurduğu zərərlər haqqında məlumat verib, gənclərimizi bu kimi amansız bəlalardan qorumağın yolunun maarifləndirmə tədbirlərindən keçdiyini deyib.

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.