Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan, karyerasını bu istiqamətdə qurmaq istəyən tələbələr üçün "CareerLAB" şəbəkəsi üzrə panel müzakirələr keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələr üçün keçirilən bu cür diskussiyaların gələcək karyera planlaması və düzgün peşə seçimində önəmli rol oynadığını qeyd edib. Bildirib ki, universitet daxilində də bu işin sistemli aparılması, İnsan resursları və hüquq şöbəsinin strukturunda Karyera və məzunlarla iş sektorunun fəaliyyətinin daha da genişləndirilməsi və optimallaşdırılması üçün onun bazasında müstəqil Karyera və məzunlarla iş Mərkəzi yaradılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev qurumun gənclərin karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinin formalaşdırılması məqsədilə fəaliyyət göstərdiyini deyib. O, görüşün məqsədinin ali təhsilin bakalavriat səviyyəsini başa vurmaq üzrə olan gənclərə motivasiya və dəstək vermək olduğunu bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbə gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrdə BDU TGT-nin xüsusi aktivlik göstərdiyini qeyd edib.
Universitetin TGT sədri Ələkbər Həsənov “CareerLAB” şəbəkəsi üzrə layihənin BDU-da təşkili üçün dəstək göstərən qurumlara təşəkkürünü bildirib və tələbələr üçün bu cür layihələrin davamlı olacağını deyib.
Daha sonra panel müzakirələr başlayıb. Moderatorlar – “Paşa Həyat Sığorta” ASC-nin Mühasibatlıq şöbəsinin müdiri, baş mühasib Toğrul İslam, “Azərbaycan Beynəlxalq Bankı”nın Maliyyə menecmenti departamentinin MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) hesabatlıq şöbəsinin müdiri Fitat Məmmədova, “Kapital Bank”ın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin müdiri Şamxal İmanov, “KPMG Azərbaijan” şirkətinin audit partnyoru Nəsimə Muradxanova müasir bankçılıq və maliyyə sektorunda tələblər, təkliflər və işə qəbul zamanı diqqət edilməli məqamlardan danışıblar.
Panel sual-cavab sessiyası ilə davam edib.